Qarabağda özəl səramayələr və biznes üçün imkanlar artacaq İqtisadiyyat

Qarabağda özəl səramayələr və biznes üçün imkanlar artacaq

Qarabağın bərpasında maraqlı olan sahibkar və investorların dəstəyi və təşviqi üçün yeni paket hazırlanır. Bunu 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpa, yenidənqurma və inkişafı” Rebuild Karabakh sərgisinin açılışında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. O bildirib ki, "Qarabağ böyük istehsal və sənaye potensialına malikdir. Biz bu işlərdə iştirak etmək istəyən xarici investorlar üçün cəlbedici şərait yaratmışıq. Ağdam və Cəbrayılda iqtisadi zonalar yaradılıb, burada ilk rezidentlər qeydiyyatdan keçib və müəssisələrin yaradılmasına başlayıblar. Bu iqtisadi zonaların rezidentləri vergi və rüsumlardan azad olma kimi təşviqlərdən yararlana bilər. Qeyd edim ki, əlavə olaraq Qarabağın bərpasında maraqlı olan sahibkar və investorların dəstəyi və təşviqi üçün yeni paket hazırlanır" (Trend).
Əslində belə sərgilərin təşkili Qarabağda iqtisadiyyat quruculuğuna yerli və xarici investorların cəlb olunması baxımından çox əhəmiyyətlidir. Bu, həm də yeni işgüzar əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına xidmət edir. Bu il sərgi iştirakçılarının sayı ötən illə müqayisədə 10 faiz artıb. Tədbirlərdə 17 ölkədən, o cümlədən Belarus, Macarıstan, Gürcüstan, Hindistan, İtaliya, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan, İsveç kimi ölkələrdən 300-dən çox şirkət iştirak edir. Hökumətin bir məqsədi də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1200-ə çatıb. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. Müraciətlərin 400-ü xarici şirkətlərin payına düşür. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.
Hələlik hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub. Əslində tikinti işləri də sahibkarlar, şirkətlər üçün, xüsusilə kiçik və orta biznesə həmin layihələrdə iştirak etmək imkanları yaradıb.
Bunlarla yanaşı sahibkarlarla da iş aparılır, yaxın gələcəkdə regionda sahibkarlar tikinti ilə yanaşı kənd təsərrüfatı, sənaye və xidmət sahələrinə də cəlb ediləcəklər. Qarabağın gələcək iqtisadiyyatında aqrar və sənaye sektoru əsas aparıcı sahələrolacaq. Artıq hökumət bununla bağlı mühüm qərarlar qəbul edib, bir sıra tədbirlər görülür. Xüsusən də Ağdamda sənayenin tamamilə yenidən qurulması, rəqabətqabiliyyətli yerli məhsul istehsalı və yeni iş yerlərinin yaradılması, bunun hesabına öz ata-baba yurdlarına qayıdacaq insanların iş yeri ilə təmin edilməsi nəzərdə tutulur. Artıq bu regionda sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına (ASP) sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hətta sahibkarlara sənaye parkının rezidentliyi statusu verilir.
Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Fərmana əsasən, parkın fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə 2021-ci il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Park Ağdam şəhərinin yaxınlığında 190 hektar torpaq sahəsində salınacaq.
Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye parklarında (Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları) bir sıra əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Prezident İlham Əliyevin 10 dekabr 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncamına əsasən, orada fəaliyyət göstərən sahibkarlara əlavə güzəştlər tətbiq olunur. Söhbət bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi kimi əlavə güzəştlərdən gedir. Bu cür güzəştlər paketi hazırlanır. Azad edilmiş ərazilərdə rezidentlər həm mövcud, həm də hazırlanmaqda olan güzəştlərdən yararlana biləcəklər.
İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı dirçəldildikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq. Post-konflikt rayonlarda ildə ortalama 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Xüsusən də post-konflikt rayonlarda kənd təsərrüfatı dirçəldildikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək.
Post-konflikt rayonlarda ənənəvi heyvandaqlıq sahələri yüksək potensiala malikdir. Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus mühüm yer tutan mühüm ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəgilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Heyvandarlıq sahəsində Qarabağ və Şərqi Zəngəzur rayonlarında belə yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir.
Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərin bərpası üçün dövlət bdcəsində ayırdığı vəsaitlərin həcmini hər il artırır. Maliyyə Nazirliyinin açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3 milyard manat məbləğində olacağı proqnozlaşdırılır. Bu, xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz, ÜDM-də xüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Hələlik dövlət əsas investor kimi çıxış edir, çünki böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər.
Mahir Həmzəoğlu