İş adamları üçün klassik tipli qapalı özəl klub açılıb İqtisadiyyat

İş adamları üçün klassik tipli qapalı özəl klub açılıb

Bakıda iş adamları üçün klassik tipli yeni qapalı özəl klub - "Caspian Business Club" fəaliyyətə başlayıb. "Caspian Business Clubdan AZƏRTAC-a bildiriblər ki, bu, regionda və Xəzəryanı ölkələr arasında ilk və yeganə klubdur. "Caspian Business Club" bütün dünyadan olan şirkətləri, təşkilatları və fiziki şəxsləri Avropa ilə Asiya arasında qədimdən ticarətin kəsişdiyi yer olan bir ölkədə - Azərbaycanda birləşdirən biznes cəmiyyətidir.
"Caspian Business Club"un əsas məqsədi Azərbaycan və onun iş adamlarının xarici ticari, sosial, milli, mədəni və digər maraqlarını irəli çəkməkdir. Dünyanın müxtəlif guşələrindən olan şirkətlər arasında elmi-texnoloji və ticarət əlaqələrinin inkişafının təşviqi, həmçinin bu əlaqələrin birgə müasir sənaye, maliyyə və ticarət infrastrukturunun formalaşdırılmasıdır. Klubun əsas fəaliyyət və məqsədləri yerli və xarici müəssisələrin yeni biznes əlaqələrinin qurulmasına müstəsna rol oynamaq, effektiv kommunikasiya sisteminin yaradılması, klub üzvləri arasında onların birgə əməkdaşlığı və birgə dəstəyin olması üçün əlaqələrin yaradılması, tematik seminarlar, treninq, qapalı tədbirlər, sərgilər, işgüzar görüşlərin və s. kimi müxtəlif formatlı mərasimlərin təşkilindən ibarətdir.
Həmçinin "Caspian Business Club" müxtəlif ölkə və şəhərlərdə tədbirlər təşkil edir, iqtisadiyyatın müxtəlif sahələrini və ayrı-ayrı müəssisələrin perspektiv və imkanlarının araşdırmasını təşkil edən məlumat strukturu yaradır. "Caspian Business Club", həmçinin klub üzvlərinə təcrübə baxımından informasiya dəstəyi, onların şəxsi yazışması üçün hüquqi ünvanların verilməsini, yalnız klub üzvlərinin ziyarət edə biləcəyi rahat otaqların təmin edilməsini təklif edir.
Digər bir məqsəd klub üzvlərinə pulsuz hüquqi məsləhət, onların maraqlarının müdafiə edilməsi məqsədilə dövlət qurumları ilə işləməsini, xaricə işgüzar səfərlərin təşkilinə yardımın edilməsi, həmçinin xarici nümayəndə heyətinin qəbulu, əməkdaşlıq üçün yeni firmaların axtarılması və öyrənilməsi, kütləvi informasiya vasitələri ilə işin təşkilindən ibarətdir. Hər yeni şirkətin və ya fiziki şəxsin kluba üzv olmasından sonra klub özünün məlumat bazasına yeni üzv haqqında məlumat daxil edir. Bu məlumat bazası hazırda Azərbaycan, Gürcüstan, Rusiya, Koreya, Belarus, Türkiyə, Qazaxıstan, Almaniya, İran, Çin və digər ölkələrdən olan 300-dən artıq şirkəti özündə birləşdirir. Məqsəd bu şirkətlərin fəaliyyətinin və istehsal etdikləri məhsulları tanıtmaqdır.