“İran özünün bazar mövqelərini gücləndirməyə çalışacaq“ İqtisadiyyat

“İran özünün bazar mövqelərini gücləndirməyə çalışacaq“

Sanksiyaların götürülməsi geosiyasi baxımdan regionda vəziyyətin tarazlaşmasına imkan yaradacaq, gərginliyin aradan qaldırılmasını təmin edəcək.
Bunu CBC-yə politoloqTofiq Abbasov bazar günü Qərbin İrana qarşı sanksiyaların aradan qaldırması haqqında qərarını şərh edərkən bildirib.
Bununla belə, politoloq İranın yenidən neft bazarına qayıtmasının köklü dəyişikliklərə gətirib çıxaracağına inanmır.
"Çünki, texniki baxımdan İranın imkanları hələ ki zəifdir. Həmin o sanksiyalar ucbatından İran uzun illərdir neft-qaz emalında ötürücü xətlərin modernizasiyası, rekonstruksiyasını lazımi qaydada təmin edə bilmirdi. Ona görə də İranda neft hasilatı o qədər də yüksək göstəricilərə malik deyildi".
Tofiq Abbasov deyir ki, hazırda neft bazarında təklif çox, tələb az olsa da, bununla belə İran özünün bazar mövqelərini gücləndirməyə çalışacaq.
"Dünya resessiyası fonunda ən böyük istehlakçılar Çin, Hindistan, Cənubi Koreyadır. Əvvəla, bu ölkələrin özlərinin iqtisadi göstəricilərində bir qədər durğunluq yaşanır, yəni, istehlak bölümündə böyük bir optimistik fon yoxdur. İkincisi, İran 30 ilə yaxındır oyundan kənar mövqelərini bərpa etməkdən ötrü həm müəyyən manevrlər etməli, həm də istehlakçıları tapmalıdır. Bunlar da vaxt aparacaq".
Politoloqun sözlərinə görə, sanksiyaların aradan qaldırılmasından sonra neft bazarında birdən-birə dəyişikliklərin baş verməsi gözləmək olmaz.
"Geosiyasi baxımdan bölgədə daha etibarlı vəziyyət yaranacaq. Çünki son illər qonşu dövlətlərin şirkətləri də İranla əlaqələri pozmağa məcbur olmuşdular. Bank sektorunda böyük sıxıntılar var idi. Xüsusilə də Azərbaycanın bankları İran maliyyə təsisatları ilə əlaqələri kəsmişdilər. Çünki İrana qarşı BMT səviyyəsində qəbul edilən sanksiyalar mövcud idi".
Tofiq Abbasov hesab edir ki, İran ilk növbədə qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətləri yeni keyfiyyət mərhələsinə qaldırmağa çalışacaq:
"Əgər dünya çapında iqtisadiyyatda istehsal bölümü dinamik rejimə qayıdarsa, İran öz mövqelərini bərkidəcək. Çünki İranın ehtiyatları çoxdur, tələbatı ödəmək üçün də əməli rıçaqlara malikdir və qadirdir. Azərbaycan və İranın əməkdaşlıq potensialı var və indiyədək bu potensialın realizə etdirilməsində sanksiyalar tormoz rolunu oynayırdı. Kommunikasiya xətlərinin tranzitində İranın böyük rolu var".
Ekspert deyir ki, Şimal-Cənub dəhlizində Iran və Azərbaycan arasındakı 7 km-lik dəniz yolu xətti hələ tikilməsi məsələsi gündəmdədir:
"Artıq hər iki tərəfin müvafiq təsisatları həmin bu hissəni tikib istifadəyə vermək qərarına gəliblər. Əgər bu xətt reallaşarsa, dəmir yolunun işə salınması ən yaxın zamanda böyük yüklərin böyük həcmdə Avropa ilə Hind okeanı bölgəsinin arasında daşınmasına imkanlar yaradacaq".
Tofiq Abbasovun sözlərinə görə, dəmir yolunun işə salınması ilə Hindistan, Çin Malayziya və digər Uşaq Şərq ölkələri Avropada bir çox yüklərin daşınmasını həyata keçirə biləcəklər: "Çin ilə Azərbaycan arasında İpək Yolu nəqliyyat dəhlizi də yenidən gündəmə gəlib. Artıq iri həcmli yük daşımaq istismarı sınaqdan keçirilibr. İndi bütün bu proseslərin təmin olunması üçün münbit bir şərait formalaşır. Bu baxımdan, İranla münasibətlərə maneələr olmasa, prosesin iştirakçıları – texnoloji, texniki-maliyyə logistik xidmətlər vaxtında və keyfiyyətli işləyərsə, bu məsələ öz həllini tapa bilər".