DSMF 190 - “Mərkəzi Çağrı Sistemi”nə müraciətlər artıb İqtisadiyyat

DSMF 190 - “Mərkəzi Çağrı Sistemi”nə müraciətlər artıb

Tərlan

Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində əsas prioritetlərdəndir. Ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib.
Dövlət Sosial Müdafiə Fondunun 190-"Mərkəzi Çağrı Sistemi"nin xidmət göstəricilərinin müasir əsaslarla qurulması istiqamətində 2015-ci ildə ardıcıl tədbirlər həyata keçirilib. Son təkmilləşdirilmə işləri nəticəsində sistemin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları"nın tələblərinə uyğun yenidən qurulub.
2015-ci ili ərzində Dövlət Sosial Müdafiə Fondunun 190-"Mərkəzi Çağrı Sistemi" tərəfindən 147 027 müraciət cavablandırılıb. Müraciətlərin 21 345-i elektron xidmətlər, 6818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib. 17740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub. Belə ki, 190 - "Mərkəzi Çağrı Sistemi" vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses cəmi bir neçə dəqiqə vaxt aparır.
Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.