Əmlak Komitəsindən yeni elektron xidmətlər İqtisadiyyat

Əmlak Komitəsindən yeni elektron xidmətlər

Mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumat SMS vasitəsilə göndəriləcək

Tərlan

Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Komitədən verilən məlumata görə, bu xidmətlərin hamısı "Elektron hökumət" portalına inteqrasiya edilib. Qısa zaman ərzində 11 mindən çox elektron müraciət daxil olub. Bu il daha 15 elektron xidmətin təşkili və vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq(APA).
Xatırladaq ki, komitə tərəfindən martın 3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar onlayn xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların onlayn rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olur.
Eyni zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər istifadəyə veriləcək. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata alması ilə bağlı olacaq. Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, çeviklik təmin ediləcək. Bundan əlavə, yaxın gələcəkdə vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə biləcəklər.
ƏMDK xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda xidmətlərin göstərilməsinə start verib. Komitədən verilən məlumata görə, bu aydan etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac olmayacaq. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri də alınıb.
İlk belə xidmətlərdən daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin sakinləri faydalanıb. Belə ki, aprel ayında Sumqayıt şəhərində sakinlər üçün yaşayış ünvanlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi nəqliyyat vasitəsində qeydiyyat xidmətləri göstərilməyə başlanılıb.
Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Bu da əhaliyə xidmətlərin müasir üsullarla, çevik və rahat şəkildə göstərilməsini təmin edir. Bu nəqliyyat vasitələrinin köməkliyi ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlara və əmlak sahiblərinə yerindəcə qeydiyyat xidmətləri göstərilir. Qarşıdakı dövrdə qeyd olunan nəqliyyat vasitələrinin sayı artırılacaqdır. Komitə tərəfindən belə xidmətlərin daxil olan müraciətlər əsasında aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Abşeron və Xaçmaz rayonlarında da təşkili nəzərdə tutulur. Növbəti aylarda da belə xidmətlərin Bakı və regionlar üzrə təşkili davam etdiriləcək.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası istiqamətində Komitə tərəfindən 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilib. Bu xidmətləri bir virtual məkanda birləşdirən www.e-emdk.gov.az elektron xidmətlər portalı yaradılıb. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 14 normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanıb. Yeni xidmət vasitəsi ilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsi ilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanı əldə edirlər. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilər.
Qeyd edək ki, 2013-cü ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb və təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya planının məqsədi Komitənin fəaliyyətinin daha müasir, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.