Sənayenin inkişafına dövlət dəstəyi... İqtisadiyyat

Sənayenin inkişafına dövlət dəstəyi...

Tərlan

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə sənayenin maşınqayırma, metallurgiya, kimya, tikinti, qida və mebel sahələrində fəaliyyət göstərən 50-dən çox müəssisənin nümayəndələri iştirak etmişdir. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat vermiş, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin əhəmiyyətini vurğulamışdır. Niyazi Səfərov sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işləri, aparılan islahatları diqqətə çatdırmış, iqtisadi fəallığın artırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə qəbul edilən normativ aktlar barədə məlumat vermişdir. Vurğulanmışdır ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılmasına, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyinin artırılmasına əlavə stimul yaradır.
Sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.
Sonra Sahibkarlar (İşəgötürənlər) Təşkilatlari Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətini vurğulamış, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına yeni imkanlar yaratdığını qeyd etmişdir.
Tədbirdə həmçinin, "Mətanət-A" şirkətinin direktoru Elxan Bəşirov, "Bakusteel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov, "Bakı əlvan metallar və ferroərintilər" şirkətinin icraçı direktoru Şamil Rzayev, Türkiyənin "Damora" şirkətinin rəhbəri Rafət Vergili təqdimatlarla çıxış etmiş, təmsil etdikləri şirkətlərin fəaliyyəti və inkişaf istiqamətləri barədə məlumat vermişlər. Tədbir çərçivəsində "Bakı əlvan metallar və ferroərintilər" şirkəti və Türkiyənin "Demora" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavodun tikilməsinə dair müqavilə imzalanmışdır.