"Mərkəzi Şərqi Azəri" platformasının dayaq bloku suya buraxılıb İqtisadiyyat

"Mərkəzi Şərqi Azəri" platformasının dayaq bloku suya buraxılıb

"Mərkəzi Şərqi Azəri" (Azeri Central East - ACE) platformasının dayaq bloku suya buraxılıb.

Bu gün Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-dən verilən məlumata görə, ACE platformasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq bloku martın 16-da "STB-1" barjasına yüklənib və dənizə göndərilib.

"ACE platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü isə 153 metr təşkil edir. Obyektə su doldurulması, neft və qaz ixracı üçün üç şaquli boru daxildir", - ASCO-dan bildiriblər.

Qeyd edək ki, 6 milyard dəyərindəki layihəyə yeni dəniz platforması və gündəlik hasilat gücü 100 min barelədək olan digər qurğuları daxildir. ACE platforması 2020-ci illərin sonlarınadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda gündəlik 400 min bareldən yuxarı səviyyədə neft hasilatını dəstəkləyəcək.

Layihə çərçivəsində dərinliyin təqribən 140 metr təşkil etdiyi dəniz sahəsində "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması inşa ediləcək. Layihə həmçinin özündə yeni sualtı boru kəmərlərini əhatə edir. Platformada hasil olunan neft və qazın Səngəçal terminalına nəqli üçün bu xətlər mövcud AÇG "Faza2 " sualtı ötürmə boru kəmərlərinə qoşulacaq. Dirək bloku dənizin 137 metr dərinliyində inşa ediləcək.