Daha 25 gənc biznes inkubator iştirakçısıdır İqtisadiyyat

Daha 25 gənc biznes inkubator iştirakçısıdır

Tərlan

Aprelin 11-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları ilə görüş keçirilmişdir. "Sahibkarlığın inkişafında biznes inkubatorların rolu" mövzusunda təşkil edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının yerli nümayəndəliyinin əməkdaşları, eləcə də biznes inkubatorun 45 iştirakçısı iştirak etmişdir.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb. Bu istiqamətdə görülən işlər barədə məlumat verən Sahib Məmmədov gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasında və məşğulluğunun təmin edilməsində biznes inkubatorların əsas mexanizmlərdən olduğunu qeyd edib. Bildirilmişdir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və digər mühüm sənədlərdə ölkədə biznes inkubatorların yaradılmasına xüsusi diqqət yetirilir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış ilk biznes inkubatorun fəaliyyəti də gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bildirilmişdir ki, biznes inkubatorun iştirakçıları İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi müsabiqə komissiyası tərəfindən seçilir. İndiyədək iki bu cür müsabiqə keçirilmişdir. Birinci müsabiqə zamanı 20 gənc biznes inkubator iştirakçısı seçilmiş və bir il ərzində onlar üçün treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, biznes ideyaları müsabiqəsi və digər tədbirlər keçirilmiş, davamlı məsləhət xidmətləri göstərilmişdir.
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə növbəti müsabiqə 14 mart 2016-cı il tarixində keçirilmiş, daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilmişdir. Biznes inkubatorun yeni iştirakçılarının kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət və s. sahələr üzrə biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılmışdır.
Gənclərin sahibkar kimi formalaşmasında biznes inkubatorların əhəmiyyətli rolu olduğundan bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Xaçmaz rayon nümayəndəsi Famil Baxışov və digərləri çıxışlarında gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində görülən işlər, bu sahədə biznes inkubatortun rolu, iştirakçıların seçilməsi prosesi və biznes inkubator iştirakçılarına yaradılan şərait barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçısı olmuş gənc sahibkarlar gördükləri işlər barədə məlumat vermiş, ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən kompleks dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ifadə etmişlər. Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun otaqlarının açarları yeni seçilmiş iştirakçılara təqdim edilmiş, biznes inkubatorun fəaliyyəti üçün ayrılmış otaqlar, burada iştirakçılar üçün yaradılmış şəraitlə tanışlıq olmuşdur. Qeyd edək ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində xalçaçılıq üzrə təlim mərkəzi də yaradılmışdır və burada gənclərə xalçaçılıq sənətinin sirləri öyrədilir. Tədbir çərçivəsində biznes inkubatorun iştirakçısı olmuş gənc sahibkarlar tərəfindən istehsal olunmuş məhsullar nümayiş etdirilmişdir.