SOCAR-ın səhmləri satıla bilər İqtisadiyyat

SOCAR-ın səhmləri satıla bilər

SOCAR gələcəkdə səhmlərinin müəyyən bir hissəsini bazara çıxara biləcək.
Bu barədə sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimində Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
Natiq Əmirov qeyd edib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncamda səhmləri dövlətə məxsus hüquqi şəxslərin idarəetməsinin təkmilləşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və fəaliyyətlərində şəffaflığın artırılması öz əksini tapıb.
Ölkə başçısının Azərbaycanda böyük özəlləşmə proqramının keçirilməsi və özəlləşdirmə çərçivəsində də bir çox dövlət şirkətlərinin səhmlərinin azad bazara çıxarılması barədə müvafiq tapşırığı artıq var. Səhmləri bazara çıxaracaq şirkətlər üçün ən vacib məsələ korporativ idarəetmədir. Həmçinin buna şirkətin fəaliyyətində şəffaflığın artırılması və onun maliyyə açıqlığının təmin edilməsi də daxildir.
"SOCAR demək olar ki, bu standartlara cavab verir. Hesab edirəm ki, SOCAR gələcəkdə səhmlərinin müəyyən bir hissəsini bazara çıxara biləcək. Ancaq digər şirkətlər hələ ki buna tam hazır deyil", - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.