Azərbaycan yaşıl enerji sektorunun inkişaf etdirilməsinə maraqlıdır - Deputat İqtisadiyyat

Azərbaycan yaşıl enerji sektorunun inkişaf etdirilməsinə maraqlıdır - Deputat

Azərbaycan qlobal təşəbbüslərə qoşulur və könüllü öhdəliklər götürür. Belə bir öhdəliyə bir neçə il əvvəl BMT-nin iqlim dəyişikliklərinin qlobal problem olduğunu elan edəndə qoşulub. Belə ki, Azərbaycan 2030-cu ilə qədər ölkədə istehsal olunan elektrik enerjisinin 35%-ni yaşıl enerji üzərinə keçirməyi planlaşdırıb. Həm də üç il yarım əvvəl torpaqlarımız erməni işğalından azad olunanda dövlət başçımız bu əraziləri yaşıl zona adlandırıb. Azərbaycan yaşıl enerji sektorununun inkişaf etdirilməsində maraqlıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, son illərdə azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri yaşıl eneji konsepsiyasına uyğun icra olunur.

“İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində kiçik həcmli hidroelektrik stansiyaları yenidən bərpa olunaraq istifadəyə verilir. O cümlədən işğaldan azad olunmuş ərazilərin bərpaolunan enerji potensialı da hesablanıb. Yenidən qurulan yaşayış məntəqələri yaşıl enerji ilə təmin edilir. Həmçinin bu ərazilərdə böyük günəş və külək elektrik stansiyalarının tikintisi məsələləri həll olunur.

Azərbaycanın yaşıl enerji potensialı 200 qeqavatdan çox olduğu hesablanıb. Keçən il Birləşmiş Ərəb Əmirliklərin Masdar şirkətinin investisiyası ilə Qaradağda 230 meqavatlıq günəş elektrik stansiyası istifadəyə verildi. Yaxın gələcəkdə biz xarici investisyalar hesabına yeni bərpa olunan stansiyaların ərsəyə gəldiyinin şahidi olacağıq. Çünki bu gün Azərbaycanın bərpaolunan enerji potensialına investisiya yatırmaq istəyən xarici sərmayədarlar arasında bir rəqabət yaranıb”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu ilin noyabrında ölkəmiz COP29 beynəlxalq konfransına ev sahibliyi edəcək.

“Bu o deməkdir ki, bütün dünyanın diqqəti Azərbaycana olacaqdır. Bu, həm də Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayını kəskin artıracaqdır. Cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfranına səfəri zamanı keçirdiyi görüşlər və görüşmək istəyənlərin sayının çoxluğu və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayının çox olmasının göstəricisidir.

Biz dünyanın gələcəyini yaşıl enerji üzərində qurmalı olduğunu bilirik. Ona görə də dövlətimiz iqtisadiyyatın bu sektorunun inkişaf etdirilməsinə maraqlıdır. Biz yaşıl enerji sektorunu ancaq ölkəmizin tələbatını ödəmək üçün artırmırıq. Həm də Avropanın enerji təminatında yaşıl enerjimizlə iştirak etmək niyyətindəyik. Ona görə də Qara dənizin dibi ilə Avropaya yaşıl enerji və yaşıl hidrogenin ixracı magistrallarının inşası istiqamətində layhiyələrin icrasını planlaşdırırq. Azərbaycan qlobal təşəbbüslərdə həmişə öndə olmuşdur. O cümlədən Avropaya yaşıl enerjini ixrac etməklə də yeni bir ilkə imza atacağıq.

Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı hər bir sahədə oluğu kimi, yaşıl enerjinin istehsalı və ixracı sahəsində də böyük inkişafa qovuşduracaq”, - deyə deputat əlavə edib.