Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir İqtisadiyyat

Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir

Azərbaycanda dövlət qurumları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyəti artırılır və əhatə dairəsi genişləndirilir. "Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılıb. Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

Sığortaolunan onlayn uçota alınır

DSMF bu ilin əvvəlində "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Amma artıq hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdir.
Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir.

Elektron hesabat xidməti

DSMF-nin uğurlu layihələrindən biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az, www.e-sspf.gov.az saytlarında yerləşdirilib. Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sığortası üzrə rüblük hesabatının tərtibi üzrə proqram tərtibatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdimetmə daxildir.
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Hər bir işləyən pensiya kapitalını izləyə bilər

Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı da artır. Bu il aprelin 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,8% artaraq 2,740 milyon nəfərə yüksəlib. 2014-cü ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 48451 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan həmin sığortaolunanların 58,7%-i kişi, 41,3%-i isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2%-ni 30 yaşa kimi vətəndaşlar, 24,2%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,9%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,5%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
DSMF əcnəbi vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı da 2,2% artıb. Hesabat dövründə əlavə olaraq 377 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il aprelin 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 475 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,7%-ni kişilər, 10,3%-ni isə qadınlar təşkil edir. Ümumilikdə, 101 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (10 063 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1912 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 919 nəfərə çatıb. Sonrakı yerlərdə İran (570), Hindistan (432), Çin (417), Böyük Britaniya (257), Özbəkistan (202) Banqladeş (190) Pakistan (158), Ukrayna (157), Almaniya (152), Filippin (135), Bosniya və Herseqovina (131), Qazaxıstan (123), Türkmənistan (121), İtaliya (118), ABŞ (111) və s. ölkələr qərarlaşıb.

Pensiyalar ay başa çatmamış verilir

DSMF-nin fəaliyyəti son vaxtlar o qədər peşəkarlaşıb və elektronlaşdırılıb ki, artıq pensiyaların verilməsi ay başa çatmadan yekunlaşdırılır. Məsələn, DSMF 2014-cü ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini elə bu ay ərzində vaxtından əvvəl başa çatdırıb. Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 22-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub ki, bu da fondun uğurlu fəaliyyətinin nəticəsi hesab oluna bilər.
Ümumilikdə 2014-cü ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Dörd ay ərzində fondun gəlirləri 957,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,4% və ya 82,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7% artaraq 522,7 mln. manata çatıb. Bu daxilolmaların 64,9% və ya 339,4 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,7% və ya 43,5 mln. manat çox olmaqla, proqnozun 105,2% icra edildiyini göstərir. 2014-cü ilin 4 ayı ərzində fondun xərcləri 941,3 mln. manat olub və bunun 98,3%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsində pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Əgər 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2014-cü ilin 1 aprel tarixinə 171,7 manat olub.

Qeyri-dövlət pensiya fondları yaradıla bilər

Azərbaycanın dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının əsas vəzifələrindən biridir. DSMF sədri Elman Mehdiyev bildirib ki, "hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik. Bunun üçün beynəlxalq təcrübəni nəzərə almaq və mühüm təcrübəyə malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində "Tvinninq" layihəsi hazırlanıb. Layihə artıq təsdiq edilib, icraçı təşkilatlar seçilib". Onun sözlərinə görə, həmin ölkələrdən biri Latviya, ikinci tərəfdaş isə Almaniyadır. Layihənin həyata keçirilməsi dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılmasının qanunvericilik əsaslarını formalaşdıracaq.
Bu sahədə hələlik bir çox suallar da var. İlk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur. Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşmasıdır ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur. Bir sözlə, bu sahədə araşdırmalar aparılır. Yekun təkliflər DSMF, Maliyyə Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili edir. Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq "Tvinninq" layihəsi ilə qanunvericilik formalaşdırılacaq.

Mahir Həmzəoğlu

Yazı DSMF-nin "Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur