Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir İqtisadiyyat

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

Şahin Mustafayev: "Nazir qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar təşkil edir"

İqor Slyunayev: "Rusiya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır"

Dünən Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başlayıb. 23-24 iyun tarixlərində keçiriləcək forum çərçivəsində plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.
Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edir.
Forumun yekun plenar iclasının sonunda Azərbaycan və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına məktubu oxunub. Məktubu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı məktubu oxunub.
Hər iki ölkə başçısı forum iştirakçılarını təbrik edib və forumun fəaliyyətinə uğurlar arzulayıblar.
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiya müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir.
Onun sözlərinə görə, bu gün bu əlaqələr müxtəlif sahələrdə günü-gündən daha da genişlənir: "Bu gün Azərbaycan Rusiyaya ilə kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində aktiv əməkdaşlıq edir. Bu günə qədər iki ölkə arasında 160-dan artıq sahədə əməkdaşlıq sazişi imzalanıb. Bunlardan 40 iqtisadi sahələrini əhatə edir".
Nazir qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar təşkil edir. Bu gün Azərbaycan Rusiya üçün ixracda 3-cü, idxalda isə 1-ci yerləri tutan ölkədir.
O vurğulayıb ki, Azərbaycan son illər ərzində Rusiyaya 1 mlrd. dollardan artıq sərmayə yatırıb. "Azərbaycan Dövlət Neft Şirkəti Rusiyaya investisiya yatırımları edir. Bu gün Azərbaycan Rusiyanın regionları ilə də əməkdaşlığı genişləndirir. Azərbaycan Rusiyanın 15 regionu ilə müxtəlif sahələri əhatə edən iki tərəfli sazişlər imzalayıb", - deyə nazir bildirib.
Ş. Mustafayev deyib ki, bu gün 100-dan artıq Azərbaycanı tələbə Rusiya ali məktəblərində təhsil alıb. İldən ilə Rusiyada təhsil almaq istəyən tələbələrin sayı hər il artır. Nazir qeyd edib ki, bu gün Azərbaycanda rusdilli məktəblərin sayı da kifayət qədərdir.
Rusiyanın Regionların inkişafı naziri İqor Slyunayev bildirib ki, Moskva Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlıdır.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında neft-qaz sahəsində geniş əməkdaşlıq davam etdirilir: "Bu günlərdə "Rosneft" və ARDNŞ arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Rusiyanın "LUKoil", "Rosneft" və "Qazprom" kimi neft şirkətləri Azərbaycanda fəaliyyət göstərir".
Rusiyalı nazir deyib ki, iki ölkə arasında mədəni sahədə geniş əlaqələr var. "Rusiyada böyük sayda azərbaycanlılar yaşayır. Onlar üçün Astraxan vilayətində yay məktəbləri təşkil olunur. Rusiya dövləti onlara kitabların və digər tədris vəsaitlərinin verilməsi ilə təmin edir", - deyə o bildirib.
İ. Slyunayev deyib ki, iki ölkə arasında hüquqi baza genişlənir. Nazirin sözlərinə görə, son illər iki ölkə arasında turistlərin sayı artır: "Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4-7% artıb. İnanırıq ki, bu forum da bu ölkəyə gələn turistlərin sayının artırılmasına daha da dəstək olacaq".
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də forumda çıxışında Azərbaycan-Rusiya əlaqələrindən danışıb: "Azərbaycanla bir çox bağlı tellərimiz var. Məhz buna görə, Azərbaycan Rusiya üçün dost və olduqca önəmli ölkədir".
O deyib ki, artıq Rusiya regionları bilir ki, Azərbaycanla əməkdaşlıq etmək və bu ölkə üzrə əməkdaşlığı genişləndirmək Rusiyada yeni iş yerlərinin açılmasına və regionların inkişafına səbəb olacaq.
Səfir qeyd edib ki, forumda bütün Rusiya regionları təmsil olunub: "Mən əminəm ki, bu cür forumların keçirilməsi iki ölkənin bundan sonrakı dostluq və əməkdaşlıq münasibətlərinə müsbət təsir göstərəcək".
Forumda çıxış edən Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb.