157 dövlət obyekti özəlləşdirməyə çıxarılır İqtisadiyyat

157 dövlət obyekti özəlləşdirməyə çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən verilən məlumata görə, rəqabətin müşahidə olunduğu bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilib. Qeyd edək ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilib, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib. Sifarişçi ümumi faydalı sahəsi 26.7 kv.m olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20.1 kv.m-dir.
Hərracda yüksək rəqabətli mühit nəqliyyat vasitələrinin özəlləşdirilməsində müşahidə olunub. Buraxılış ili 2003 olan Qaz 3110-101 markalı avtomobil üçün ilkin qiymət 1300 manat təyin olunsa da sifarişçilər arasında rəqabətli mübarizə nəticəsində nəqliyyat vasitəsinə ən son təklif 3 min 200 manat olub. Rəqabətli proses yaradan bu dövlət əmlakına 2-si elektron olmaqla 5 sifariş verilib və sifarişçilərdən biri hərracda onlayn formada iştirak edib. Opel Omeqa markalı avtomobilin hərracında ilkin qiymət 750 manat müəyyən olunub. İki sifarişçinin avtomobilə sahib olma istəyi qiyməti 2 dəfədən çox artırıb 1900 manata yüksəldib. Nəqliyyat vasitələrində rəqabət tendensiyası bir nəfərin onlayn formada iştirak etdiyi Kamaz-55111 markalı avtomobilin hərracı üçün də xarakterikdir. İlkin qiyməti 2 min 600 manat olan dövlət əmlakı 3 min 550 manat ödənilməklə özəlləşdirilib. Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.