Rusiyasayağı iqtisadi diskriminasiya İqtisadiyyat

Rusiyasayağı iqtisadi diskriminasiya

Tofiq Abbasov: "Rusiya dəfələrlə öz maraqlarının təmin edilməsi üçün proteksiyaya əl atıb"

Rusiya Ukrayna məhsullarına qarşı idxal məhdudiyyətləri tətbiq edə bilər. Bu barədə "Vedomosti" qəzetinə Rusiya baş nazirinin müavini İqor Şuvalov bildirib. Lakin Moskva bunun üçün Gömrük Şurasındakı partnyorları olan Belarus və Qazaxıstanın dəstəyini ala bilməyib. Rusiya Avrasiya iqtisadi komissiyasının iclasında Belarus və Qazaxıstana Ukrayna malları üçün yeni rejimin tətbiq edilməsi barədə qətnamənin qəbulu təklif olunub. Amma bu təklif rədd edilib. İclasda iştirak edən rusiyalı nümayəndə Belarus və Qazaxıstanın təkliflə razılaşmadığını deyib. Onun sözlərinə görə, Gömrük Şurasının qaydalarına uyğun olaraq Rusiya birtərəfli qaydada hərəkət etmək hüququna malikdir.
Rusiya baş nazirin müavini isə Belorus və Qazaxıstanın təklifi hansı əsaslarla rədd etməsini açıqlamayıb.
Belarus da qətnaməni dəstəkləməkdən imtina etdiyini təsdiqləyib. Belarus baş nazirin müavini Sergey Rumas ölkəsinin qətnaməyə qarşı kəskin şəkildə çıxdığını bildirib. "Gömrük Şurasının iqtisadiyyatı üçün təhlükədən danışmaq hələlik mümkün deyil. Deməli, belə qərarların təcili şəkildə qəbuluna ehtiyac yoxdur", - belaruslu rəsmi vurğulayıb.
Yaranmış durumu şərh edən politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, bu təzadlar bu gün ya dünən yaranmayıb: "Bəllidir ki, 3 dövlət Avrasiya məkanında vahid iqtisadi sistemin yaradılması məsələsini bir neçə ildir ki, müzakirə edirdi. Son dövr ərzində əsas istiqamətlər və ümumi müddəalar ətrafında prinsipial razılıq əldə edilmişdi. Odur ki, üçlük birgə hərəkət etmək barədə tam razılaşdığını təsdiqlədi. Lakin ayrı ayrılıqda həm Qazaxıstan, həm də Belarus Rusiyanın əldə edilmiş razılıqları pozması ilə əlaqəli bir neçə dəfə narazılıq ifadə etdirmişdi. Nəzərə alınsa ki, bu ittifaq çərçivəsində ixrac-idxal əməliyyatlarında maneələrin aradan qaldırılması vacib problemlərdən idi vu tərəflər bunları birgə səylərlə aradan qaldırmaqdan ötrü ümumi razılıq əldə etmişdilər, indi milli biznesin hərəkətində yaranan müşküllər Astana ilə Minski çox narahat edir". Onun fikrincə, Rusiya dəfələrlrə öz maraqlarını təmin edilməsi üçün proteksiyaya əl atıb: "Təbii ki, qalan 2 ölkə buna göz yuma bilməz. Yəni, Rusiya özünün imkanlarından istifadə edərək, iqtisadi diskriminasiya əməllərini həyata keçirir. Nəticədə özünün biznes maraqları təmin edilir, digər iki subyektin gözləntiləri isə puç olur. Odur ki, bu kimi hallar təkrarlanmasın deyə, Minsklə Astana artıq öz narazılıqlarını gizlətmədən elan edir... Bir də ki, tərəfdaşlar Moskvanı bu qurumu lazımsız siyasiləşmə mərəzindən qorumağa çağırırlar. Çünki Gömrük İttifaqının başlıca vəzifəsi dünyada hələ də davam edən qlobal iqtisadi böhrandan Avrasiya məkanını qorumaqdır. Hələ ki, bu baş vermir. Deməli gündəlikdə olan məsələlərin bir çoxu hələ də reallaşmır və iqtisadi regionalizmin yaranması qarşısında ciddi maneələr durmaqdadır".
Siyasi şərhçi Azər Həsrət qənaətinə görə, dünyanın taleyinə hökm verən güclərin bu layihələrə qarşı olduğu nəzərə alınarsa, o zaman belə fikirlərin nə üçün səsləndiyi aydın olur: "SSRİ-ni çökdürən güclər bunu ona görə etmədilər ki, Rusiya bir müddət sonra yenidən imperiya kimi xortlasın. Nəinki bu ittifaqı, Rusiyanın özünü də qarşıda çox ciddi sınaqlar gözləyir".
Onu da əlavə edək ki, təbii qaz, neft məhsulları və təbii almazın Ermənistana çatdırılması ilə bağlı Rusiya ilə bağlanan əməkdaşlıq müqaviləsi ratifikasiya olunub. Sözügedən müqavilə bu gün Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
2013-cü ilin dekabrında İrəvanda bağlanmış müqavilə həmin məhsulların Ermənistanın Avrasiya İttifaqına üzv olacağı vaxta qədər rüsumsuz olaraq çatdırılmasını nəzərdə tutur.
Rusiya tərəfi Ermənistanın daxili istehlakı üçün vacib olan təbii qaz və neft məhsullarının ixracından gömrük rüsumu almayacaq.
Qeyd edək ki, Moskva Dövlət Universitetinin dekanı, politoloq Vitali Tretyakov erməni saytlarından birinə olduqca maraqlı müsahibə verib. Politoloq Gömrük İttifaqı haqda danışarkən bugünkü beynəlxalq vəziyyətə toxunub. O bildirib ki, Putinin hakimiyyətə gəlişilə Rusiya yenidən dirçəlir və proses getdikcə güclənəcək: "Qərb belə təbliğat yeridir ki, guya, Rusiya yalnız avtoritarizm və münaqişə tərafdarıdır. Halbuki son 20 il ərzində Qərbin "stabillik və demokratiya" siyasəti nəticəsində Yuqoslaviya parçalanıb, Əfqanıstanda, İraqda müharibələr başlayıb. Gürcüstanda münaqişə olub. Kim ABŞ-a qoşulub bu aqibəti yaşamaq istəyirsə, öz işidir. Rusiya isə heç bir konflikti qızışdırmır. Halbuki bunu etməyə yetərincə resursları var. Uzun müddət Gürcüstanın hoqqalarına dözdük, 23 il Ukraynanın ikiüzlü siyasətinə göz yumduq. Dnestryanı bölgə Rusiyaya birləşmək xəyallarını qursa da, Moldovaya görə bunu etmədik.
Dağlıq Qarabağ problemini də Rusiya yaratmayıb. Ancaq biz olmasaq, "Dağlıq Qarabağ" yaşaya bilməzdi. Ermənistanla müttəfiqliyimiz Azərbaycanla olan münasibətlərimizə xələl gətirən yeganə amildir. Ermənistan Gömrük İttifaqına girmək istəyir, girəcək də. Nədən qorxursunuz? Ermənistanın bu ittifaqa girməsi elə "Dağlıq Qarabağ"ın da daxil olması deməkdir. Daha nə istəyirsiniz - Dağlıq Qarabağın müstəqilliyini tanıyaq? Onda buyurun, əvvəlcə Abxaziyanın, Osetiyanın müstəqilliyin tanıyın. Ermənistanın İttifaqa girməsi Rusiya üçün arzuolunandır. Ancaq prinsipcə, bu, həyati məsələ deyil. Seçim sizindir. Bu gün Ermənistanda praktiki olaraq nə rus yaşayır, nə qazax. Ancaq Rusiyada milyonlarla, Qazaxıstanda isə yüz minlərlə erməni rahat yaşayır. Gömrük İttifaqını istəmirsinizsə, qonşuluğunuzdakı Türkiyəni, yaxud İranı müttəfiq seçin. Seçim sizindir".

Əli