Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının konfransı keçirilib İqtisadiyyat

Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının konfransı keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) XX Səlahiyyətli Konfransı başa çatıb. Azərbaycan bu konfransda yenidən BTİ-nin Şurasına üzv seçilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, BTİ-nin Səlahiyyətli Konfransı "İnkişaf üçün texnologiya" devizi ilə 2500-dən çox informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.
Birləşmiş Millətlər Təşkilatının İKT sahəsi üzrə səlahiyyətli qurumu olan BTİ 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək vəzifələrini yerinə yetirir.
Dörd ildən bir keçirilən Səlahiyyətli Konfrans isə BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisatdır. Şura Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək və ittifaqın fəaliyyətinin, siyasəti və strategiyalarının günümüzün dinamik və sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir. Bunun üçün 4 illik müddətdə hər il toplaşaraq cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi və maliyyə və xərclərin monitorinqi təmin olunur, qəbul edilmiş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.
Oktyabrın 29-dan noyabrın 16-dək keçirilmiş builki konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məktum Bin Rəşid, BTİ-nin baş katibi Houlin Zao, ittifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak ediblər. Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Ölkəmizin bu konfransdan yüksək nəticələrlə qayıtmasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğumuzun mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına müsbət təsir göstərir.