“Azərişıq” ASC Goranboy və Sabirabadda elektrik təsərrüfatını yeniləyəcək İqtisadiyyat

“Azərişıq” ASC Goranboy və Sabirabadda elektrik təsərrüfatını yeniləyəcək

“Azərişıq” ASC Goranboy və Sabirabad rayonlarında yenidənqurma, əsaslı təmir-tikinti işlərinə başlayır. Bu, 25 min istehlakçınının elektrik təchizatının yaxşılaşdırılmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O qeyd edib ki, “Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirmək üçün iyulun 23-də daha 2 yük karvanını yola salıb. Dayaqlardan, yeni komplekt transformator məntəqələrindən (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlardan ibarət yükü “Azərişıq” ASC-nin mərkəzi təchizat anbarından götürən ağırtonnajlı yük avtomobilləri Goranboy və Sabirabad rayonlarının qəsəbələrinə istiqamət alıb. Bu maşın karvanının apardığı avadanlıqlar və materiallarla Goranboy rayonunun Tapqaraqoyunlu, Rus Borisi kəndlərinin, Sabirabadda isə Sərxanbəyli və Moranlı kəndlərinin, eləcə də bəzi digər yaşayış məntəqələrinin elektrik təsərrüfatı yenilənəcək.