Daşınmaz əmlakın Milli Məkan Məlumat Bazası yaradıldı İqtisadiyyat

Daşınmaz əmlakın Milli Məkan Məlumat Bazası yaradıldı

Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqinə başlanır

Tərlan

Dünən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində başlıca məqsəd müasir dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları infrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi üçün ölkə üzrə daşınmaz əmlak haqqında vahid və etibarlı informasiya bazasının yaradılması istiqamətində görülən işlərin təqdimatıdır. Həmçinin, əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakın bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində həyata keçirilən işlərin işıqlandırılması da tədbirin məqsədlərindədir.
Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakın kadastrı 3D formatında nümayiş etdirilib. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakın kadastrının məlumat bazası, Milli Qeydiyyat Sistemi, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olub.
Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, son illər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində ciddi nəticələr əldə olunub: "Komitə fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır. Bununla bağlı Komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaradır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları infrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanları, bələdiyyələr, vətəndaşlar, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir".
K.Həsənov qeyd edib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür: "Almaniyanın maliyyə dəstəyi ilə "Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi"ni həyata keçiririk. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər rayonları üzrə daşınmaz əmlak haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin, respublikanın 2 mln. hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq".
Ötən il Azərbaycanda qeydiyyata alınan daşınmaz əmlakın sayı əvvəlki illərlə müqayisədə maksimal həddə çatıb və 180 minə yaxın olub. K.Həsənov qeyd edib ki, daşınmaz əmlakla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq: "Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq".
K.Həsənovun sözlərinə görə, ötən ilin sonunda Komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb: "Artıq Komitə daxili hazırlıq işlərini yekunlaşdırıb. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır".
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində işlər görür və artıq yaxın zamanda sistemin tətbiqinə başlanılacaq. K.Həsənov qeyd edib ki, hazırda ölkədə ünvanvermə işləri yeni qaydalar əsasında aparılır: "Tərəfimizdən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb". Komitə sədri vurğulayıb ki, Gəncə şəhərində də bu işlərə artıq başlanılıb: "Hazırda Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılıb. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakın kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir".
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası istiqamətində Komitə tərəfindən 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilib. Bu xidmətləri bir virtual məkanda birləşdirən www.e-emdk.gov.az elektron xidmətlər portalı yaradılıb. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 14 normativ hüquqi (normativ) xarakterli sənəd layihələri hazırlanıb. Yeni xidmət vasitəsi ilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsi ilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanı əldə edəcəklər. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilər.
Qeyd edək ki, 2013-cü ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb və təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" çərçivəsində Azərbaycan prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya planının məqsədi Komitənin fəaliyyətinin daha müasir, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.