Xankəndi və Xocalı köçkünlərinə güzəştli kredit verilib İqtisadiyyat

Xankəndi və Xocalı köçkünlərinə güzəştli kredit verilib

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində işgüzar forum keçirilib

Tərlan

Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçqın və məcburi köçkünlərin sosial şəraiti yaxşılaşmış, onlar üçün yeni qəsəbələr salınmış, müasir tipli yeni yaşayış binaları və digər sosial obyektlər inşa olunmuş, çadır düşərgələri tamamilə ləğv edilmişdir.
Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Sentyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirib.
100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə - kiçik cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin, quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilmişdir ki, indiyədək 1425 məcburi köçkün sahibkara 34 milyon manat güzəştli kredit verilmiş, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olmuşdur. Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 225 məcburi köçkün sahibkara 8,2 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilmişdir ki, bu kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,9 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndi və Xocalıdan olan 58 məcburi köçkün sahibkara 382 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.