Hər damlasında Vətən sevgisi... Hadisə

Hər damlasında Vətən sevgisi...

44 günlük haqq savaşımızda canları bahasına dastan yazıb şəhidlik zirvəsinə ucalan Vətən sevdalıların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Doğma Azərbaycanımızı özündən artıq sevən, onun müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən, ölümsüzlüyə qovuşan qəhrəmanların heç vaxt ölmürlər.
Məhz Astara rayonunun Motlayataq kəndində boya-başa çatan şəhidlər- Əhəd Ağayev və Kənan Hacıyev 30 il düşmən əsarətində qalan Vətən torpaqların azadlığı uğrunda oddan, alovlardan keçərək qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrildilər. İndi onların adları dillərdən düşmür, hər zaman sonsuz ehtiramla, sevgi və məhəbbətlə yad olunurlar.
Şəhidlərin əziz xatirəsinə ziyalıların maliyyəsi hesabına Motlayataq kəndinin ən füsunkar guşəsində "Bulaq kompleksi” ucaldılıb. Bu günlərdə dövlət qurumlarının, qazi və şəhid ailələrin, ziyalıların, kənd sakinlərin iştirakı ilə kompleksin açılışı olub.
Çıxışlar zamanı bildirildi ki, bu bulaq yalnız su mənbəyi deyil, onun hər damlasında şəhidlərin Vətən sevgisi, xalqımızın onlara olan ehtiramı və gələcək nəsillərə ötürülən qəhrəmanlıq tariximiz yaşayacaq. Şəhidlər son damla qanına qədər vuruşub bizə ən böyük miras –azadlıq, müstəqillik, xoşbəxt gələcək bəxş etdilər. Onların adını yaşatmaq, xatirələrini daim uca tutmaq hər kəsin müqəddəs borcudur. Qoy bu bulaq suyu kimi Vətən şəhidlərinin adı da illər, nəsillər boyu yaşasın.
Tədbirdə müğənni Emil Tağıyevin ifasında, bəstəkar Elmir Mədətoğlunun, şair Səxavətin sözlərinə yazdığı mahnılar səsləndi.

Zəfər ORUCOĞLU