Vergi ödəmələri ilə bağlı ciddi güzəştlər edilib İqtisadiyyat

Vergi ödəmələri ilə bağlı ciddi güzəştlər edilib

Koronavirus pandemiyası şəraitində vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər əsasən vergiödəyicilərinin cari ödəmələri ilə bağlı güzəştləri nəzərdə tutur. Dövlət Vergi Xidməti xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev dəyişikliklərlə bağlı şərhində onun bir sıra sahələri əhatə etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu sahələrə turizm müəssisələri, turoperatorlar, turagentlər, hazırlıq və ixtisasartırma kursları, ictimai iaşə xidməti göstərən müəssisələr, avtomobil nəqliyyatı vasitəsilə ölkə daxilində sərnişin və yükdaşıma xidməti göstərən müəssisələr, mehmanxana və bu tipli digər obyektlər, istirahət-əyləncə mərkəzləri daxildir: “Məcəllədə sadələşdirilmiş vergi ilə bağlı mühüm dəyişiklik olunub. Bu, ictimai iaşə sektorunda fəaliyyət göstərən vergiödəyicilərinin zərərlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. İctimai iaşə sektorunda çalışan sahibkarlar bu il sadələşdirilmiş vergini 8 faiz əvəzinə 4 faiz dərəcəsi ilə ödəyəcəklər. Digər sadələşdirilmiş vergiödəyiciləri isə ümumi dövriyyədən 1 faiz məbləğində vergi ödəyəcək”.
R.Fətullayev Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergiödəyicilərinin öhdəliklərinin də nəzərə alındığını qeyd edib, bu sektorda vergi məbləğlərinin 50 faiz azaldığını söyləyib. Belə ki, taksi xidməti göstərən şəxslər Bakı şəhərində 2020-ci il ərzində aylıq 9 manat vergi ödəyəcəklər və digər bölgələrdə də bu məbləğ əmsallara müvafiq olaraq azaldılacaq. Sərnişindaşıma xidməti göstərən müəssisələr üçün isə hər bir oturacaq üçün 1 manat 80 qəpik əvəzinə 90 qəpik sadələşdirilmiş vergi müəyyənləşdirilib.