ABŞ-ın sutkalıq neft hasilatı 11,1 milyon barrelə yüksəlib İqtisadiyyat

ABŞ-ın sutkalıq neft hasilatı 11,1 milyon barrelə yüksəlib

Birləşmiş Ştatların gündəlik xam neft istehsalı 11,1 milyon barreldir.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 104 min barrel artaraq sutkada orta hesabla 11,1 milyon barrel olub.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 373 min barrel artaraq sutkada 5,94 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 450 min barrel çoxalaraq gündəlik 2,99 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatının cari ildə sutkalıq orta hesabla 11,6 milyon barrel olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.