Bahalaşmanın əsası varmı? İqtisadiyyat

Bahalaşmanın əsası varmı?

İlham Şaban: "Azərbaycanda bahalaşmaya təsir edən amil, adətən, yanacaq olur"

Pərviz Heydərov: "Azərbaycanda ərzağın qiyməti yüksəlib"

Bəzi ekspertlər hesab edirlər ki, spirtli içkilər və tütün məmulatlarına tətbiq olunan aksiz vergilərinin artırılması və Vergilər Məcəlləsinə edilən digər dəyişikliklər bahalaşmaya səbəb olacaq. Belə ki, spirt üçün hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrində 0,08 manatdan 0,2 manata qədər artım baş verib. Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarellanın (nazik siqarlar) 1 000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə 4 manat aksiz dərəcəsi tətbiq olunacaq.
İqtisadiyyat və Yüksək Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, aksiz vegilərinin artırılması mütəmadi istifadə olunan istehlak məhsullarına aid olmadığından bazarda bahalaşmaq gözlənilmir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib ki, ilk növbədə Nazirlər Kabinetinin büdcə ilə bağlı açıqlamasını gözləmək daha doğru olardı: "Bahalaşma birdən-birə baş vermir. Ona təsir edən amillər olur. Azərbaycanda bahalaşmaya təsir edən amil, adətən, yanacaq olur. Yanacağın bahalaşması multieffektiv xarakter daşıyan bir amildir. Azərbaycanda hər hansı bir məhsul istehsalında, xidmət sahəsində yanacaqdan istifadənin real və xüsusi çəkisinin nə qədər olduğunun fərqinə varmadan istədikləri qədər qiyməti qaldırırlar. İkinci məsələ ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Bu iki amil bahalaşmada çox həssas rol oynayır. Bu, ictimai iaşədən tutmuş bazara, xidmətə öz təsirini göstərir. Əgər hökumət 2015-ci ildə bu sahədə dövlətin tənzimləyici orqanının üzərində nəzarəti qoruyub saxlaya bilsə, heç də hamının düşündürüyü kimi, əsasən də qonşu ölkələrdə yaşananları Azərbaycanda müşahidə etmərik".
Ekspert yeni il qabağı əvvəlki illərdəki kimi bahalaşmanı müşahidə etmədiyinə də diqqət çəkib: "Narahatlıq doğuran məsələ bayramqabağı ayrı-ayrı qurumların bahalaşmaya çağırışı oldu: Məsələn, Nəqliyyat Nazirliyinin idarə rəisi açıqlama verib dedi ki, avtobus almışıq, buna görə hökmən qiymətlər qalxmalıdır.
Azərbaycanda 10 min avtobus var. 50 avtobus alınıb deyə, qiymət qalxmalıdır?! Bu iddianın heç bir məntiqi əsası yoxdur. Yaxud metropolitendə təmir işləri aparılırsa, yeni vaqonlar alınırsa, bunun pulu vətəndaşdanmı çıxmalıdır?
Görülən işlərin heç biri həmin qurumların hesabına edilmir, hamısı dövlətin vəsaiti hesabına həyata keçirilir. Hər bir vətəndaş deyə bilər ki, bütün bunlar Dövlət Neft Fondundan ayrılan vəsait hesabına alınıb".
İlham Şaban deyib ki, ümumi olaraq bir reallıq var, dövlətin gəlirləri azalır: "Bu faktdır, bunu danmaq olmaz. Gəlirlərin azalmasına baxmayaraq, xərclər azlamır. Belə vəziyyətdə ən real məsələ xərclərin rasionallığının artırılmasıdır. Rasionallıq cəmiyyət və hökumət əl ələ verəndə artırılır. İndidən proqnoz vermək çətindir. Digər tərəfdən, Dövlət Neft Fondundan dövlət büdcəsinə 10,3 milyard manatın transferi təstiqlənib, ancaq həmin vəsaitin necə xərclənəcəyi ilə bağlı Nazirlər Kabinetinin qərarı açıqlanmayıb. Əsas məsələlər o zaman bəlli olacaq. Əgər yenə də ötən illərdəki kimi, açıqlanan rəqəmlərdə 3 milyard manat cari xərclər kimi qalacaqsa, mənasız bir şey olacaq".
İqtisadçı ekspert Pərviz Heydərov isə dedi ki, Neftin ucuzlaşması ilə əlaqədar, dünya bazarlarında yanacağın qiyməti aşağı düşür. Buna uyğun olaraq bir çox istehlak mallarının da qiymətləri enir: "Xüsusən də ərzaq məhsullarının… Azərbaycanda isə ərzağın qiyməti ötən ay bəlli olduğu kimi, yüksəlib. Elə indinin özündə də ərzaq məhsullarının qiymətlərində bahalaşmaya meyl var. Odur ki, sual yaranır: Niyə? Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayı ərzində oktyabr ayı ilə müqayisədə 0,1, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabrda ərzaq məhsulları 0,2 faiz bahalaşsa da qeyri-ərzaq mallarının qiymətləri və xidmət tariflərisə əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumiyyətlə, ilin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1, qeyri-ərzaq mallarının 3,5, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.
Ötən ilin sonlarında mal, qoyun və toyuq ətləri, balıq məhsulları, limon, portağal, naringin, alma, heyva, nar, xurma, kələm, göyərti, baş soğan, kök, çuğundur kimi məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunduğu halda, buğda unu, əla növ çörəyi, düyü, qarabaşaq yarması, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə və zeytun yağları, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, kartof, sarımsaq, duz, şəkər tozunun qiymətlərində bahalaşma qeydə alınıb.
2013-cü ildə ölkədə istehlak qiymətləri indeksi 2,4 faizlə yekunlaşmışdı, ötən il üçün isə Azərbaycan Mərkəzi Bankı (AMB) 3,5 faiz inflyasiya proqnozlaşdırmışdı. 2012-ci ildə ölkəmizdə inflyasiya 1,1, 2011-də 7,9, 2010-da 5,7, 2009-da isə 1,5 faiz qeydə alınmışdı ki, 2009-cu ildən bəri ölkədə o, birrəqəmli səviyyədə əldə olunur. Hansı ki, hökumət bunu qoruyub saxlamağa çalışır. Çünki mövcud makroiqtisadi sabitlik naminə bu, vacib sayılır. 2008-ci ilin yekununa görə isə 20,8 faiz inflyasiya qeydə alınmışdı".
Onun fikrincə, Azərbaycanda real iqtisadi vəziyyətin yaxşı olduğunu göstərən amillərdən biri əhalinin gəlirlərinin artım səviyyəsinin istehlak qiymətləri indeksini – inflyasiya səviyyəsini üstələməsidir: "Bu vəziyyət neçə ildir ki, davam edir. Bunun iki səbəbi var. Birincisi, ölkəmiz inflyasiyanın aşağı səviyyədə olmasına görə dünyada liderdir, ikincisi isə ölkə vətəndaşlarının pul gəlirləri zəif templə də olsa hər il artır. Məsələn, ötən il bizdə inflyasiya göstəricisi 2,4 faizə bərabər olmuşdusa, dünya üzrə bu göstərici 3,6 faiz təşkil etmişdi. Elə cari ilin yanvar-noyabr ayları ərzində əldə olunan 1,5 faizlik inflyasiya səviyyəsi də 2014-cü ildə də sözügedən tendensiyanın qorunub saxlandığını göstərir. Təkrar edirik ki, hökumət 3,5 faiz proqnozlaşdırıb.
Ancaq əhalinin gəlirləri isə artır. Son statistikaya əsasən, 2014-cü ilin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatıb. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlir qalmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıqdır. Bəs, ərzağın artıma meyilli olması nəylə əlaqədardır?
Bu, bir neçə səbəblə bağlıdır. Əvvəla, kənar ölkələrdə neftin ucuzlaşması ilə əlaqədar ölkəyə inflyasiya idxalı yaranmış, ikincisi isə bizdə yanacağın qiyməti ucuzlaşmamışdır. Üçüncüsü də ölkədə əhalinin gəlirləri yüksəlməkdədir.
Bu siyahını bir az da uzatmaq olar. Lakin iş ondadır ki, sadaladığımız amillər ciddi xarakter kəsb edir. O mənada ki, bunlar bahalaşmanın yeni ildə də davam edəcəyi üçün stimul yaradır. Ölkədə qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etməməsi neftin ucuzlaşması faktını dolayı yolla əleyhimizə işlədir ki, əhalinin gəlirlərinin artması ölkədə ərzaq istehlakını genişləndirir. Bu mövzuda əvvəlki şərhimizdə də sual etmişdik ki, əhalinin gəlirləri artdıca görəsən, ərzaq istehlakı niyə artır? Ölkəmiz inflyasiya səviyyəsinə görə qeyd etdik ki, dünyada liderdir". Ekspertin sözlərinə görə, əhalinin gəlirlərinin daha çox hissəsinin ərzağa xərclənməsi qiymət artımı ilə əlaqədar deyilsə, o zaman natural və yaxud həcm etibarilə artım təbii olaraq ciddi sual doğurur: "Məsələ bundadır ki, bu, əhalinin gəlirləri ilə də bağlı məsələ deyil. Xarici ölkələrin təcrübəsi sübut edir ki, ölkələrdə əhali tərəfindən ərzağa xərclənilən vəsait heç də onların real pul gəlirləri ilə bağlı deyil. Məsələn, ABŞ əhalisi gəlirləri baxımından əksər ölkələrin əhalisindən üstün olsa da, ailə büdcəsindən evdən kənarda yemək də daxil olmaqla 15 faizə yaxın pul xərclənir.
Azərbaycana gəldikdə isə gəlirlərin təxminən 70 faizi son istehlaka sərf olunur. Bu isə o deməkdir ki, ölkəmizdə ərzaq məhsullarına yüksək tələb mövcuddur. O zaman, istehlak qiymətləri indeksi – inflyasiya da bizdə deməli, yüksəlməyə meyillidir. Və əhalinin gəlirlərinin onu üstələməsi həm də hökumətin bilavasitə sözügedən göstəricini "basqı" altında saxlamasının nəticəsi hesab olunur. Bu isə idxala rəvac verən amillərdəndir. Ona görə də kənd təsərrüfatında istehsal istənilən templə artmamaqdır.
Yeri gəlmişkən, 2015-ci il üçün Azərbaycanda ötən ildəkindən də az – 2,3 faiz inflyasiya proqnozlaşdırılıb. Bizcə, bunu qorumaq çətin olacaq. Əvvəla, ona görə ki, ölkəyə inflyasiya idxalı mövcuddur. İkincisi isə neftin ucuzlaşması ilə əlaqədar manatın alıcılıq qabiliyyətinin azalması ehtimalı var ki, neftə görə Rusiyada milli pul vahidinin — rublun sürətlə dəyərdən düşməsi iqtisadiyyatı "qara qızıl"dan, o cümlədən dövlət gəlirləri məhz onun qiymətindən asılı olan bütün ölkələr üçün xarakterikdir. Belə ki, real olaraq Azərbaycan manatının da dəyərinin ucuzlaşması təhlükəsi var. Manatın ipini əvvəl "sakit dayandığı" üçün əgər, sərbəst buraxmaq mümkün idisə indi əksinə, "üzü aşağı dartınmağa" başladığı üçün onu bacardıqca möhkəm saxlamaq zərurəti yaranıb.
Üçüncüsü isə, ölkə Prezidentinin tələbi ilə bu il kredit faizləri aşağı salınacaq. Bu isə istehsal və ixracın stimullaşması inflyasiyanı istər-istəməz yüksəldəcək. Çünki ixracı stimullaşdırmağın ən real yolu mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsindən keçsə də, bizdə bu mexanizm işləmir. AMB rəhbərliyi də əvvəlki illərdə etiraf etmişdir ki, uçot dərəcəsi makroiqtisadi proseslərə təsir etmədiyi üçün məsələn, sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz. Odur ki, 2015-ci ildə ola bilsin ki, müəyyən bahalaşma ilə üzləşək".

Əli