ABŞ senatoları BƏƏ-yə silah tədarükünü dayandırmağa çağırıblar Dünya

ABŞ senatoları BƏƏ-yə silah tədarükünü dayandırmağa çağırıblar

ABŞ-nin 21 senatordan ibarət qrupu Prezident Donald Tramp administrasiyasını Sudandakı münaqişə səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bəzi silah tədarüklərini dayandırmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sudan Tribune" portalı məlumat yayıb.

ABŞ Dövlət katibi Marko Rubioya ünvanlanan məktubda qanunvericilər BƏƏ-ni "Cəld Reaksiya Qüvvələri" (CRQ) üsyançı hərəkatına hərbi dəstək verməkdə ittiham ediblər. "Sözlər kifayət etmir. ABŞ Əl-Ubeyddə növbəti vəhşiliklərin qarşısını almaq üçün əlində olan təzyiq vasitələrindən və təsirindən istifadə etməlidir", — deyə sənəddə qeyd olunur.

Portalın məlumatına görə, senatorlar Əl-Ubeydin təxminən 500 min dinc sakininin CRQ dəstələri tərəfindən şəhərin mümkün mühasirəsinə görə təhlükə altında olduğu barədə xəbərdarlıq ediblər. Qanunvericilər uzun sürən mühasirədən sonra kütləvi qətliamların baş verdiyi Əl-Faşerdəki hadisələrin burada da təkrarlana biləcəyindən ehtiyat edirlər.

Müraciət müəllifləri, həmçinin BƏƏ-ni CRQ-yə hərbi, maliyyə və texniki yardım göstərən əsas xarici havadar adlandırıblar. Onlar Dövlət Departamentindən avqustun 17-dək ABŞ administrasiyasının Əl-Ubeyd sakinlərini qorumaq və müharibəni dayandırmaq üçün hansı tədbirləri gördüyü barədə məlumat verməsini tələb ediblər.

Məryəm Quliyeva