Vens Netanyahu ilə fikir ayrılıqlarının olduğunu etiraf edib Dünya

Vens Netanyahu ilə fikir ayrılıqlarının olduğunu etiraf edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin baş naziri Binyamin Netanyahu ilə aralarında zaman-zaman fikir ayrılıqlarının yarandığını etiraf edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vens "Fox News" telekanalına müsahibəsində danışıb.

"İsrail möhtəşəm tərəfdaşdır, ABŞ-nin müttəfiqidir. Lakin Fransa, Böyük Britaniya və ya Birləşmiş Ştatların hər hansı başqa bir müttəfiqi ilə münasibətlərdə olduğu kimi, bəzən bizim də fikirlərimiz üst-üstə düşmür", — deyə Vens bildirib.

O əlavə edib ki, vitse-prezident kimi onun vəzifəsi yalnız öz ölkəsinin maraqlarını qorumaqdır: "Maraqlarımız İsrailin maraqları ilə üst-üstə düşəndə, ümumi məqsədlərə necə nail olacağımızı müzakirə edirik. Mənim mövqeyim İsrailin baş nazirinin mövqeyindən fərqləndikdə isə bunu dürüst şəkildə müzakirə edirik".

İranla münaqişənin tənzimlənməsi perspektivlərindən danışan ABŞ-nin vitse-prezidenti qeyd edib ki, onun başa çatmasına töhfə verməyə çalışır: "Mən mütləq şəkildə buna nail olmağa çalışıram. Lakin bəzən bir addım irəli, iki addım geri, sonra isə üç addım irəli və bir addım geri atmaq lazım gəlir".

Məryəm Quliyeva