Qarabağın yenidən qurulmasında əsas investor dövlətdir İqtisadiyyat

Qarabağın yenidən qurulmasında əsas investor dövlətdir

Yerli iqtisadiyyatın inkişafına digər maliyyə mənbələri də cəlb olunacaq

İşğaldan azad olunan Qarabağda bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu məqsədlə hələlik daha çox dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. Maliyyə Nazirliyinin məlumatına görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat nəzərdə tutulub. 2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə sivil həyatın yenidən qurulması üçün çox böyük həcmdə vəsait tələb olunur. Söhbət ortalama 100 milyard manat vəsaitdən gedir. Təsəvvür edin ki, erməni işğalçılarının Azərbaycana vurduğu ziyan 800 milyard dollardan artıq hesablanır. İşğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr məhv edilib. İşğal olunmuş ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları var idi. Onların 30 ildə dağıtdıqlarını indi biz yaxın on il ərzində milyardlarla vəsait xərcləməklə hər şeyi yenidən qurmalı olacağıq.

Bu işdə əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, sahibkarların yatırımları, müxtəlif fondların vəsaitləridir (Dirçəliş Fondu, Yaşat Fondu və s.). Hələlik bu sahədə əsas investor dövlətdir və növbəti illərdə dövlət büdcəsindən bu sahəyə ayrılacaq investisiyaların artırılacağı gözləniləndir. Ərazilər minalardan təmizləndikdən, təhlükəsizlik təmin edidikdən, müasir infrastruktur yaradıldıqdan sonra yerli iqtisadiyyatın inkişafına yuxarıda qeyd olunan digər maliyyə mənbələri də cəlb olunacaq. Xüsusən də regionda özəl sektorun inkişafına xüsusi diqqət ayrılacaq və dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün stimullaşdırıcı addımlar atılacaq. Qarabağın iqtisadiyyatının müasir standartlar səviyyəsində yenidən qururlmasında sahibkarların mühüm rolu olacaq. Hazırda ölkə sahibkarlarının post-konflikt reabilitasiyada iştiraka hazırlıq səviyyəsi qiymətləndirilir və zəruri təşviq mexanizmləri hazırlanır. Çünki post-konflikt ərazilərin yenidən qurulmasında ölkə sahibkarlarının işgüzar fəallığının yüksəldilməsi mühüm əhəmiyyətə malikdir.

Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) və Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaradılmışdır. Keçmiş Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarının bazasında formalaşdırılan yeni iqtisadi rayonların əhatə dairəsi bir qədər də böyüdülüb, Cəbrayıl rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna, Ağcabədi və Bərdə rayonları isə Qarabağ iqtisadi rayonuna daxil edilib. Bu isə o deməkdir ki, postkonflikt ərazilər bərpa edildikdən, regionun bütün iqtisadiyyatı yenidən qurulduqdan sonra həmin iqtisadi rayonlar böyük iqtisadi mərkəzə çevriləcək, burada iqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunsa da, dövlət bu məqsədlə mərhələli şəkildə həm şzü vəsait ayıracaq, həm də digər maliyyə mənbələrindən vəsait cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirəcək. Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Bu rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdiriləcək. Xüsusən də Qarabağda kənd təsərrüfatının və emal sənayesinin, tikinti sektorunun, mədən sənayesinin, xidmət sahələrinin, turizmin inkişafı üçün yaxşı imkanlar var.

Beynəlxalq təcrübəyə nəzər salsaq, Yaponiya, Qərbi Avropa ölkələri, xüsusilə Almaniya, yaxın keçmişdə İraq, Livan və s. ölkələrə müharibədən sonrakı illərdə onlara maliyyə, ərzaq və başqa ehtiyaclarını qarşılayan müxtəlif istiqamətli yardımlar həyata keçirilib. Hələ İkinci Dünya müharibəsində Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Belçikanın bəzi qabaqcıl sənaye və mədəniyyət mərkəzləri də daxil olmaqla bir çox şəhərləri dağıdılmışdı.1948-ci ildə Qərbi Avropada dağıdılmış ərazilərin bərpası və yenidən qurulması səylərinin maliyyələşdirilməsinə kömək etmək məqsədilə Marşal proqramı qəbul edildi. Marshall Planı ABŞ-ın İkinci Dünya müharibəsindən sonra 15 milyard dollardan çox vəsaitlə Qərbi Avropaya yardım göstərən bir proqramı idi. Bu yardım İngiltərə, Fransa, Belçika, Hollandiya, Qərbi Almaniya və Norveç daxil olmaqla 16 Avropa ölkəsinə paylandı.

Bu işdə Almaniya və Yaponiya təcrübəsini xüsusilə qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra yaranan iqtisadi böhran, ərzaq qıtlığı bu ölkələri müxtəlif dövlətlər, qurum və təşkilatlar tərəfindən göstərilən maliyyə yardımları ilə bərabər xammal da daxil olmaqla sənaye materialları, neft və neft məhsulları, nəqliyyat vasitələri və avadanlıqlar kimi iqtisadiyyatın inkişafına təkan verə biləcək, o cümlədən ağır, şiddətli müharibədən çıxmış əhalinin sosial təminatını yaxşılaşdıracaq yardımları almağa məcbur etdi. ABŞ 1946-1952-ci illərdə Almaniyaya 8,135 milyard dollar, Yaponiyaya isə 4,401 milyard dollar dəyərində qrant, kredit, ərzaq yardımı göstərmişdir. Almaniyanın yenidənqurma prosesində kredit yardımı göstərən digər ölkələr Yunanıstan, İspaniya, Pakistan, Misir, Böyük Britaniya və Fransa olmuşdur.

Yaponiyaya ikinci böyük yardım göstərən 1953-1964-cü illərdə 34 inkişaf layihəsi üçün 860 milyon ABŞ dolları məbləğində vəsait ayıran Dünya Bankıdır. Yaponiya bu yardımı dəmir yolu, avtomobil yolu və bənd tikintisi kimi infrastruktur layihələri üçün istifadə etmişdir. Yaxın keçmişdə baş verən müharibələrdə isə yardım göstərən ölkələrin, qurumların artımı müşahidə olunur. Dünya Bankının 2011-ci il hesabatına əsasən, müharibə nəticəsində dağıdılmış və zəifləmiş dövlətlərə xarici yardım 1996-1998-ci illərdə 29 faizdən 2006-2008-ci illərdə 41 faizə qədər artmışdır. Əsas yenidənqurma layihələri 1992-1995-ci və 1998-2004-cü illər ərzində müxtəlif formalarda olmuş Horizon-2000 Planında nəzərdə tutulmuşdur. Xarici maliyyə yardımları 1992-1997-ci illərdə 4 mlrd, 1998-2004-cü illərdə isə 5,85 milyard dollar həcmində Dünya Bankı, BƏƏ, Avropa İnvestisiya Bankı, İtaliya, Küveyt, Fransa tərəfindən göstərilmişdir. ABŞ İraqın yenidən qurulması prosesində də yaxından iştirak etmiş, bu məqsədlə 1.7 milyard dollar yardım göstərmiş və digər ölkələri də prosesin iştirakçısı olmağa təşviq etmişdir. Bir sözlə, xarici təcrübəyə əsaslanaraq deyə bilərik ki, Qarabağın bərpası və inkişafı prosesində xarici maliyyə mənbələri də mühüm rol ala bilər.

Mahir Həmzəoğlu