“Dollarla götürülən kreditlərlə bağlı istənilən addım...” İqtisadiyyat

“Dollarla götürülən kreditlərlə bağlı istənilən addım...”

Vüqar Bayramov:"...Hər iki tərəfin- bankların və müştərilərin maraqlarına uyğun olmalıdır"

"Mərkəzi Bank sədrinin dollar ilə götürülən kreditlərə faiz endirimlərinin tətbiqi ilə bağlı banklara tövsiyəsi borcluların ödəmə qabiliyyətinə hələlik təsir göstərmir".
Bu fikirləri iqtisadçı Vüqar Bayramov bildirib. Ekspertin sözlərinə görə, əksər bankların təklif etdiyi 2 və ya 3 faizlik endirimlər borcluların "dərdinə çarə" deyil: "Təbii ki, dollar ilə götürülən kreditlərlə bağlı istənilən addım hər iki tərəfin- bankların və müştərilərin- maraqlarına uyğun olmalıdır. Çox sadə misal: manatın məzənnəsi yüksək olan zamanlar 500 dollar aylıq kredit borcu olan şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə ilə həmin borclunun aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Təbii ki, bankların da əsas gəlir mənbələrindən biri xaricdən və ya beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdir. Həmin kreditlər isə xarici valyuta ilə ödənilib. Deməli, məzənnənin neçə olmasından asılı olmayaraq banklar da öz borclarını xarici valyuta ilə geri qaytarmalıdırlar".
İqtisadçı bildirib ki,buna görə də, indiki məqamda daha uyğun yol dollar ilə götürülən kreditlər üçün faizlərin aşağı salınmasıdır: "Onsuz da ölkəmizdə kredit faizləri yüksəkdir və onun müştərinin ödəmə qabiliyyətinə təsir edəcək səviyyədə aşağı salınması onların likvidliyinə ciddi mənfi təsir göstərməyəcək. Mərkəzi Bank sədrinin xeyli ümumi olan müraciəti isə bankların faiz dərəcələrinin, demək olar, aşağı salınmasına gətirib çıxarmır". V.Bayramov qeyd edib ki, əslində Mərkəzi Bankın dollar ilə götürlən kreditlərə faiz güzəştlərinin tətbiq edilməsi üçün aşağıdakıların həyata keçirilməsinə ehtiyac var: "Əvvəlla, Mərkəzi Bank belə güzəştlərin tətbiq edilməsi üçün banklara rəsmi və yazılı tövsiyyə məktubu göndərməsinə ehtiyac var. Baş bankin idarə heyətinə göndərəcəyi məktubda faiz dərəcələrinin aşağı salınmasının bütün banklara tövsiyyə olunduğu bildirilməlidir.
İkincisi, tövsiyyə məktubunda kreditlər üzrə tövsiyyə edilən faiz endirimlərinin intervalları qeyd edilməlidir.
Məsələn, indiki halda kredit faizlərinə ümumi faizin 30 faizi həcmində güzəştin edilməsi mümkündür. Yəni, əgər istehlak krediti illik 28 faizlə verilibsə, o zaman həmin kredit faizi 16.7 faizədək aşağı salına bilər. Bu zaman sözügüdən kredit üzrə 9.3 faiz güşət tətbiq edilmiş olur. Bu isə, həm kommersiya banklarının mənfəət əldə etməsinə, həm də müştərilərin ödəmə qabiliyyətinin normallaşmasına imkan verə bilər. Bütövlükdə, Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin tövsiyyə edilən həddə aşağı salınması ilə bağlı tövsiyə məktubu göndərməsi problemin xeyili yumşalmasına səbəb ola bilər. Bununla dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq və bankların da likvidliyinin qorunub saxlması mümkündür".
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov manatın ucuzlaşmasından sonra banklara müraciət edərək kredit faizlərini aşağı salmağı və kredit müddətini uzatmağı tövsiyyə etmişdi.

Əli