“Azərbaycan qazı TANAP, TAP vasitəsilə Avropaya ixrac ediləcək” İqtisadiyyat

“Azərbaycan qazı TANAP, TAP vasitəsilə Avropaya ixrac ediləcək”

"Məhkəmə belə qərar çıxarıbsa, Rusiya mütləq apelyasiya şikayəti verəcək". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Rusiyanın Belçikadakı əmlakına həbs qoyulmasını şərh edərkən deyib. İqtisadçı məsələnin həm iqtisadi, həm də siyasi tərəfləri olduğunu vurğulayıb: "Hamıya yaxşı bəlli olduğu kimi, bu, Ukrayna məsələsinə görə Rusiyaya qarşı tətbiq edilən siyasi metoddur. Fikrimcə, bu məsələnin siyasi tərəfi daha çox önəm kəsb edir. Çünki Ukrayna ətrafında baş verən hadisələr, son vaxtlar Rusiyanın bütün dünyaya mesajlar verməsi və s. dünyanı faktiki olaraq hərəkətə gətirib. Avropa dövlətləri, ABŞ, Avropa Birliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaları götürmək əvəzinə daha da sərtləşdirirlər". Deputat Rusiyanın Belçikadakı əmlakına həbs qoyulmasını bu təzyiqin tərkib hissəsi kimi qiymətləndirib: "Bununla müəyyən məsələləri hüquqi müstəvidə həll etmək, Rusiyanı hegemonluq, işğalçılıq siyasətindən çəkindirmək istəyirlər. Hesab edirəm ki, bu məsələdə bütün dövlətlər əziyyət çəkə bilər. Çünki Rusiya ilə əlaqələri olan kifayət qədər dövlət, orada yaşayan vətəndaşlar, həmçinin azərbaycanlılar var. Hesab edirəm ki, məsələ hüquqi müstəvidə öz həlini tapacaq". Baş verənlərin Azərbaycanın ən güclü enerji layihələri olan TANAP və TAP-dan təsirsiz ötüşməyəcəyi proqnozları verilir. İqtisadçı isə bununla qətiyyən razılaşmır: "Bu, tamamilə yanlış proqnozdur. Azərbaycana olan maraq olduqca böyükdür. Bu layihələrin həyata keçirilməsində Avropa dövlətləri, Amerika Birləşmiş Ştatları çox maraqlıdırlar. Ola bilər ki, Rusiyanın bəzi dövlətlərlə, məsələn, Yunanıstanla, Türkiyə ilə apardığı danışıqlarda razılığa gəlməsi müəyyən proqnozlar verməyə əsas yaradır. Bununla bağlı politoloqlar, ekspertlər müxtəlif proqnozlarını verirlər. Mən hesab edirəm ki, bu layihə həyata keçiriləcək və Azərbaycan qazı TANAP, TAP vasitəsilə Avropaya ixrac ediləcək. Bunun qarşısını almaq mümkün olmayacaq". Vahid Əhmədov baş verənlərin Rusiya üçün ağır nəticələrə səbəb olacağını da diqqətə çatdırıb: "Son vaxtlar, xüsusilə Qərb, eləcə də ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar yaxşı heç nə vəd etmir. Rusiya nə qədər ki Ukrayna ilə əlaqədar məsələdən geri çəkilməyəcək, siyasətində dönüş yaratmayacaq, nəticələr ölkə üçün ağır olacaq. Rusiya özü böyük dövlətdir və Azərbaycanla olduqca əhəmiyyətli münasibətləri var. Amerikalı senator deyib ki, Rusiyanın növbəti hədəfi Azərbaycandır. Mən buna inanmıram. Rusiya heç vaxt belə bir addım atmaz. Çünki Azərbaycan Rusiya münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Düzdür, Dağlıq Qarabağ məsələsində müəyyən problemlər var. Fikrimcə, iqtisadi-siyasi münasibətlər yüksək olduğu üçün bunun Azərbaycana əks təsiri olmayacaq". Rusiyanın Belçikadakı dövlət əmlaklarına həbs qoyulub. Rusiya mətbuatının məlumatına görə, həbs Belçika Arbitraj Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Məhkəməyə müraciət edən "YUKOS Universal Limited" şirkəti Rusiyanın ona 1,650 milyard avro borclu olduğunu bildirib. Şikayətçi məhkəmədən Rusiyanın Belçikadakı əmlakını həbs etməyi tələb edib. Hazırda Rusiyanın Belçikada qeydiyyatda olan bütün böyük bankları, nümayəndəlikləri fəaliyyətlərini dayandırıb. Belçika məhkəməsi təkcə Rusiyanın diplomatik nümayəndəliyinə, QHT-lərin və KİV-lərin nümayəndəliklərinə, Brüssel və Belçika rus pravoslav kilsəsinin əmlaklarına toxunmayıb.

Əli