“Radikallar eyni mərkəzdən idarə olunurlar” Müsahibə

“Radikallar eyni mərkəzdən idarə olunurlar”

Komitə sədrinin müavini: "Artıq siyasi sözü bitmiş "siyasətçilər" insanların mənəvi dəyərlərini istismar etməyə çalışırlar"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Azərbaycanda keçiriləcək referendum ərəfəsində dindarların bəzi müxalif qüvvələri dəstəklədiyinə dair məlumatlar yayılır. Buna münasibətiniz necədir?

- Qeyd etdiyiniz məsələ ilə əlaqədar bildirmək istəyirəm ki, yaradılmağa çalışılan bu görüntünün heç bir əsası yoxdur. Belə ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən dini icmalar ortaq bəyanatla çıxış edərək dinin siyasiləşdirilməsi cəhdini qətiyyətlə pislədilər. Dolayısıyla dindarların radikal müxalifəti dəstəklədiyini iddia edənlər gülünc vəziyyətə düşdülər. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir və dindarlar hər fürsətdə cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən düşünülmüş siyasətə öz dəstəklərini ifadə edirlər.

- Sizcə, müxalifəti dini sferaya yönləndirən başlıca səbəb nədən ibarətdir?

- Bilirsiniz, əslində burada məqsəd dindarlara qayğı göstərmək və ya onların çətinlikləri ilə maraqlanmaq deyil. Radikal müxalifət əvvəllər olduğu kimi bu addımı da öz iradəsi ilə atmır. Bəlkə də çoxları üçün təəccüblü görünsə də, mən bunu əminliklə deyə bilərəm ki, radikal müxalifət və radikal dindar şəxslər eyni mərkəzdən idarə olunurlar. Buna şübhəsi olanlar Yaxın Şərqin ən yeni tarixinə nəzər sala bilərlər. Məqsəd inkişaf edən, çiçəklənən, günü-gündən daha mütərəqqi bir dövlətə çevrilən və ən başlıcası müstəqil siyasət yürüdən Azərbaycana mane olmaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqdır. Heç kim üçün sirr deyil ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət başda ermənipərəst qüvvələr olmaqla çoxlarını narahat edir. Belə bir şəraitdə ölkəmizdə də Yaxın Şərq "ssenarisini" arzulayan məkrli və mənəviyyatsız şəxslər var. Həmin şəxslər də qeyd etdiyimiz mərkəz tərəfindən alət kimi istifadə edilərək dini siyasiləşdirməyə cəhd göstərirlər. Biz mütəmadi olaraq bildirmişik ki, dinin siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Bunun baş verdiyi ölkələrin aqibəti göz qabağındadır. Məhz dinin siyasiləşdirilməsi nəticəsində bir çox ölkələr yüzilliklər boyu bərpa olunmayacaq dağıntılara, toqquşmalara və qarşıdurmalara məruz qalıb.

- Sizcə insanlar, xüsusilə dindarlar hansı mövqedə dayanmalıdırlar?

- Mən istərdim ki, hər kəs mövcud mənzərəyə diqqətlə baxsın. Bu gün siyasi təfəkkür və yanaşma baxımından daban-dabana ziddiyyət təşkil edən qüvvələr eyni arenada cəmləşirlər. Axı bu necə ola bilər ki, dindar və ateist olan şəxslər eyni fikirləri bölüşsün? Səmimi bir dindar Allahın varlığını inkar edən şəxslə çiyin-çiyinə getməz. Burada açıq-aydın görünür ki, məqsəd başqadır. Dinin siyasiləşdirilməsi ilə yanaşı, müşahidə olunan ikinci faktor siyasətin dindarlaşdırılması cəhdidir. Dünən qərbyönümlü dünyəvi mövqedə olan siyasətçi bu gün dindar şüarlar səsləndirisə, bu artıq onun nə qədər keyfiyyətsiz xarakterə malik olduğundan xəbər verir. Öz siyasi məqsədləri və ambisiyalarını həyata keçirməyə çalışan belə "siyasətçilər" anlamırlar ki, onsuz da "koma" vəziyyətində olan siyasi xətlərini qaçılmaz ölümə məhkum edirlər. Bu gün Azərbaycanda yaşayan dindar şəxslər dövlət tərəfindən onlara göstərilən qayğını görür və siyasi oyunlara alət olanları pisləyirlər.

- Müxalifət tərəfindən təşkil olunan mitinqlərdə dini şüarların səsləndirilməsini necə qiymətləndirirsiniz?

- Qeyd etdiyiniz şüarları səsləndirənlərin əksəriyyəti radikal şəxslərdir. Onlar Azərbaycan dindarlarını heç bir şəkildə təmsil etmirlər. Həmin mitinqlərdə siyasi platforma və siyasi fikirlər səsləndirilmək əvəzinə hansısa dini şüarlar səsləndirilirsə, bu, həmin siyasətçilərin acizliyindən xəbər verir. Artıq siyasi sözü bitmiş "siyasətçilər" insanların mənəvi dəyərlərini istismar etməyə çalışırlar. Dini dəyərləri bir mitinq səviyyəsinə endirən şəxslər oturub düşünməlidirlər ki, mənəviyyatı bu qədər ucuzlaşdırmaq olarmı? Mən bir daha əminliyimi ifadə etmək istəyirəm ki, ölkəmizdə dinin siyasiləşdirilməsi və siyasətin dindarlaşması cəhdləri iflasa uğrayacaq. Azərbaycan bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsində də nümunəvi ölkə olaraq öz yoluna davam edəcək.