Rejissor Mikayıl Mərdinli: Teatr üçün “dünən” də yoxdur, “sabah” da – yalnız “bu gün” var - MÜSAHİBƏ Müsahibə

Rejissor Mikayıl Mərdinli: Teatr üçün “dünən” də yoxdur, “sabah” da – yalnız “bu gün” var - MÜSAHİBƏ

“Yenidən insan surətinə qayıtmaq istədiyin zaman üç dəfə şərqə tərəf baş əy və yenidən müqəddəs “Mutabor” sözünü söylə”, – deyə V.Haufun “Xəlifə leylək” nağılındakı sehrbaz söyləyir.

Gənc azərbaycanlı rejissor Mikayıl Mərdinli Moskva Dövlət Akademik Teatrının “Uşaq nağıllarının klassikləri” adlı Beynəlxalq Rejissor Laboratoriyasının müsabiqəsində iştirak etmək qərarına gələndə məhz bu nağılı seçib.

Nəticədə Boris Şukin adına Teatr İnstitutunun rejissorluq fakültəsini bitirmiş Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru bu müsabiqənin finalçısı olub.

M.Mərdinli AZƏRTAC-ın müxbiri ilə söhbətində müsabiqənin ikinci mərhələsinə hazırlıqdan, teatrla bağlı uşaqlıq illərindən və teatrın bugünkü vəziyyətindən danışıb.

- Mikayıl, 140 iştirakçı arasından dörd finalçıdan biri seçilmisiniz. Azərbaycanın yeganə nümayəndəsi olmusunuz. Bu hadisənin şəxsən sizin üçün hansı əhəmiyyəti var?

- Qəribədir ki, müsabiqəyə tamaşanın ekspozisiyasını göndərdim, lakin bunu unutdum. Ümumiyyətlə, müsabiqə barədə heç düşünmürdüm. Oktyabr ayında tamaşanı təhvil verməliyəm, bütün fikirlərim yalnız bununla bağlıdır. Hətta təşkilatçılar məni axtarıblar. Mənə elektron poçtla məktub göndərmişdilər, amma mesaj spam qovluğuna düşdüyündən görməmişdim. Mənə zəng edib dedilər ki, “siz, əslində, finalçısınız”. Mən də əvvəlcə söhbətin nədən getdiyini heç başa düşmədim. Dedim: “Nə gözəl, çox sağ olun!”

Nə baş verdiyini sonradan anladım. Əlbəttə, bunun böyük əhəmiyyəti var. Bu, mənim üçün necə bir böyük sevincdir. Üstəlik, mən Moskvanı çox sevirəm, orada altı il təhsil almışam. Mənim üçün ikinci doğma şəhərdir. Bütün o küçələr, dalanlar, döngələr... Rusiya teatr məktəbinin aktyorları ilə işləmək də ayrıca zövq verir. Üstəlik, Moskva Soveti Teatrının səhnəsində və Yevgeni Marçellinin rəhbərliyi altında.

Mən də məhz belə bir ovqatla ora getmək istəyirəm. Mən hansısa “rəqabət” hissi ilə getmək istəmirəm.

- Mən sizi böyüklər üçün tamaşaların rejissoru kimi tanıyıram. İndi isə nağıla, uşaq formatına müraciət etmisiniz. Bu, ilk dəfədir?

- Bəli, ilk dəfədir. Əlbəttə, müəyyən sınaqlar olub. Amma indi hər şey ciddi və məsuliyyətli səviyyədədir. Hətta bir qədər qorxuludur, çünki uşaq yaşlarında olan tamaşaçı daha da tələbkar olur... Ona görə də bu, inanılmaz dərəcədə çətin bir vəzifə olacaq.

- Böyüklər üçün tamaşa üzərində işlə uşaqlar üçün tamaşanın quruluşu arasında prinsipial fərq nədir?

- Əslində, heç bir fərqi yoxdur. Hazırda çox “yüngül” və “zərif” bir tamaşa hazırlayıram. İlk baxışdan belə görünür. Əslində isə bu “yüngül” və “zərif” tamaşanı ərsəyə gətirmək üçün çox əziyyət çəkirəm ki, məhz həmin “yüngüllüyə” və “zərifliyə” nail olum. Söhbət əgər uşaq tamaşasından gedirsə, bu, ikiqat çətin olur. Amma mənim həm uşaq, həm də böyüklər üçün tamaşaya münasibətim eynidir. Rejissor uşaq tamaşasına etinasız yanaşan kimi, hər şey məhv olur!

- Dediniz ki, hazırda üzərində işlədiyiniz layihə inanılmaz dərəcədə mürəkkəbdir. Bəs indiyədək rejissor kimi gördüyünüz ən çətin iş hansı olub?

- Demək istəyirəm ki, hər birinin öz çətinliyi var... Yəqin ki, yenə də “Bayquşlarıma işıq düşmür” tamaşası (Dramaturq İsmayıl İmanın pyesi əsasında hazırlanan tamaşa “Teatr O2”də nümayiş olunub – müəllif qeydi). Çünki bu, müasir materialdır, müasir dramaturqun əsəridir. Təxribat xarakterli mövzudur. Tamaşaçının bunu necə qəbul edəcəyi ilə bağlı qeyri-müəyyənlik var idi. Üstəlik, bu, institutu bitirib Bakıya qayıtdıqdan sonra burada peşəkar rejissor kimi ilk işim idi.

- Yeri gəlmişkən, “Bayquşlar...” tamaşasında aktyor kimi də çıxış edirsiniz. Ümumiyyətlə, kifayət qədər ciddi aktyorluq təcrübəniz var. Bu, rejissorluqda sizə necə kömək edir?

- Bu və ya digər şəkildə mən həmişə hər şeyi hamının yerinə düşüncəmdə canlandırıram. Aktyorlarla birlikdə varlığın həqiqətini çox diqqətlə, hər bir detalına qədər araşdırıram. Həmin varlığın həqiqətinə çatmayana qədər özümü tam razı qalmış kimi hiss etmirəm. Aktyorluq xüsusiyyətim də bu baxımdan mənə çox kömək edir, rejissorluğuma birbaşa təsir göstərir.

- Gəlin, “Xəlifə leylək”ə qayıdaq. Təəccüblüdür, amma bu əsər teatr üçün ən populyar əsərlərdən deyil, dəfələrlə müraciət olunan əsər də deyil... Nə üçün məhz bu əsərə müraciət etmək qərarına gəldiniz?

- Alman romantiklərinin nağıllarını çox sevirəm. Haufun, Hofmanın, Qrimm qardaşlarının nağıllarını. Onlar nağılı müəyyən bir yeni səviyyəyə qaldırdılar, onu folklor, xalq yaradıcılığı müstəvisindən publisistik və müəllif yaradıcılıq müstəvisinə keçirdilər.

Əslində, mən də bu əsərə nə qədər az müraciət edildiyinə təəccüblənirəm. Çünki burada teatr üçün hər şey var! Burada sehrbaz var – sehrli toz hazırlayan pis bir sehrbaz. Burada Xəlifənin simasında hakimiyyət var. Pul var. İstədiyiniz heyvana çevrilə bilərsiniz. Uça bilərsiniz! Bütün şəhər üzərində uça bilərsiniz. Bir də bu sözün özünə baxın! “Mutabor”!

- Müasir estrada nümayəndələrindən bəzilərinin məhvinə səbəb olan söz... (Söhbət Moskvanın “Mutabor” gecə klubu ilə bağlı qalmaqaldan gedir).

- Yeri gəlmişkən, mən tələbə olanda kuryer işləyirdim və tez-tez “Mutabor”a sifarişlər aparırdım...

- Ciddi deyirsiniz?

- Bəli. Mən oradan uzaqlaşandan cəmi bir həftə sonra həmin hadisə baş verdi. Deməli, mən bu “mutabor”la artıq təmasda olmuşam...

- Təəccüblüdür!

- Bəli, təəccüblüdür ki, bu bədbəxt bar Haufun nağılından götürülmüş öz adına necə bu qədər uyğun gəldi. Bu insanlarla nə qədər böyük transformasiya baş verdi... Bu bar öz adının sehrinə necə uyğun gəlməyə başladı.

- Yeri gəlmişkən, sehrdən söz düşmüşkən. Bu ilin oktyabrında səhnə eskizlərini təqdim etmək lazımdır. Aydındır ki, nağıl ümumilikdə “Şərq” ruhundadır. Bura Azərbaycana aid həqiqi nələrisə əlavə edəcəksiniz?

- Musiqini mütləq əlavə edəcəyəm! Ümumiyyətlə, musiqilərdən bir popuri hazırlayacağam. Burada həm Azərbaycan, həm qaraçı, həm də macar musiqisi olacaq. “Şərq” adlanan bu “Kainat”a uyğun gələn hər şeydən istifadə edəcəyəm. Axı bu, məhz “Kainat”dır! Təqdimat isə ornamentlər, Şərq miniatürləri dünyası vasitəsilə olacaq.

- Müsabiqənin nəticəsindən asılı olmayaraq, bu tamaşanı Bakıda görə biləcəyikmi? Bəs bundan sonra da uşaq tamaşaları istiqamətində fəaliyyətinizi davam etdirəcəksiniz?

- Məmnuniyyətlə. Hətta daha çox gənclərə, yeniyetmələrə üz tutmaq istərdim. Onlar üçün tamaşalar hazırlamaq istəyirəm. Bu yaş qrupu üçün nəzərdə tutulmuş çoxlu sayda gözəl material var.

Yəqin ki, burada mənim genetik tərəfim də rol oynayır. Atam Rafiq Əliyev (Azərbaycan və sovet teatr və kino aktyoru, teatr rejissoru, prodüser, Azərbaycanın Xalq artisti – müəllif qeydi) Gənc Tamaşaçılar Teatrında çalışıb. Mən də əslində Gənc Tamaşaçılar Teatrında “doğulmuşam” və orada böyümüşəm. Bu dəhlizlərdə qaçır, tamaşalara baxırdım. Teatr haqqında ilk təsəvvürüm məhz belə formalaşıb. Həmin ilk teatr möcüzəsi...

- Mühüm bir məsələyə, yəni yeniyetmələr üçün tamaşalar mövzusuna toxundunuz... Uşaqlarla bağlı hər şey aydındır, böyüklərlə də. Bəs yeniyetmələri teatra necə cəlb etmək olar? Axı bu, çox çətin auditoriyadır.

- Mənə elə gəlir ki, ümumiyyətlə, istənilən müasir tamaşaçı demək olar ki, yeniyetmədən heç nə ilə fərqlənmir. Bu baxımdan ki, bütün bu skrollinq, “reels” məsələləri bizdə klip düşüncəsini formalaşdırıb. Diqqətimizi müəyyən bir müddətdən artıq bir obyekt üzərində saxlaya bilmirik. Bizə kəskin montaj lazımdır, bizə klip lazımdır. Bu, formaya aid məsələdir.

Amma məzmun olmadan forma heç nədir. Məzmundan danışırıqsa, yeniyetməni də, ümumiyyətlə, istənilən tamaşaçını da həqiqətlə cəlb etmək lazımdır. Həqiqətlə. Mövzularla. Müasir mövzulara müraciət etmək lazımdır. Bu o demək deyil ki, klassikanı unutmalıyıq. Məgər “Üç kök”ün mövzusu aktual deyil? Aktualdır. Bəs “Çippolino”?

- “Çippolino” ümumiyyətlə, döyüş filmidir...

- Bəli, döyüş filmidir! Oskar Uayldın nə qədər gözəl nağılları var. Bəs mən bunu necə səhnələşdirəcəyəm? Müasir tamaşaçının problemlərini nəzərə alaraq, hansı vasitələrdən istifadə edəcəyəm... Bu, artıq başqa məsələdir. ...Hazırda ünsiyyət çatışmazlığı yaşanır. Yeniyetmələr bunu böyüklərdən xeyli əvvəl hiss edəcəklər, artıq hiss edirlər də. Məsələn, “zumerlər” çox maraqlı nəsildir. Onlar artıq indi sosial şəbəkələrdən, qadcetlərdən imtina etməyə çalışırlar, retroya üz tuturlar. Bütün bunlardan bezirlər və keçmişə qayıtmağa başlayırlar.

- Bəs teatr “keçmiş”dir? Yoxsa onun gələcəyi var?

- “Dünən” də yoxdur, “sabah” da – yalnız “bu gün” var. Əslində, teatr adamları nankor bir işlə məşğuldurlar... Ədiblərdən – şairlərdən, yazıçılardan onların əsərləri qalır, yəni nəşr olunmuş şeirlər, hekayələr, romanlar, povestlər. Rəssamlardan və təsviri sənət sahəsində çalışanlardan rəsmlər, instalyasiyalar, heykəllər qalır. Kinorejissorlardan filmlər, musiqiçilərdən isə musiqi qalır. Bəs teatr xadimlərindən nə qalır? Xatirədən başqa nə qoyub gedirlər? Təbii ki, Stanislavski, Meyerhold, Vaxtanqov, M.Çexov və başqalarının etdiyi kimi yazıya aldıqları materialları nəzərə almasaq. Amma praktikada teatr adamlarından nə qalır? Heç nə. Bəli, tamaşanın videoyazısına baxa bilərik, amma tamaşaçı aktyorla birlikdə “orada” olanda yaşananların yalnız 15-20 faizini görə bilərik.

Burada mərhum ustadım Mixail Borisoviç Borisovun “müasir teatr” ifadəsini heç sevmədiyini də qeyd edim. O, buna belə cavab verirdi: “Əgər müasir deyilsə, teatr daha necə olmalıdır?”

Teatr onsuz da müasirdir, çünki burada və indi, tamaşaçıların gözü qarşısında oynanılır. Sabah isə həmin tamaşa tamamilə başqa cür, tamam fərqli şəkildə oynanılacaq. Çünki mən dəyişirəm, səhnədə olan mən artıq başqayam. Tamaşaçı da dəyişmiş olacaq. Hətta dünənki tamaşada olmuş tamaşaçı gəlsə belə, o da artıq dəyişib!

Ona görə də biz yalnız “indi” ilə, yalnız “bu gün”lə yaşayırıq. Bəli, keçmişə nəzər salırıq, bəli, bütün idealistlər kimi işıqlı və gözəl gələcəyə baxırıq. Amma bizi ən çox “indi” düşündürür. Bu, sənətimizin, peşəmizin ən başlıca xüsusiyyətidir.