“Mollalar yas yiyəsini istismar edirlər” Müsahibə

“Mollalar yas yiyəsini istismar edirlər”

"Bizim çox ləyaqətli din xadimlərimiz də var, dələduzlar da"

-Qüdrət bəy, vicdan məhbuslarıyla bağlı müsahibədə dilə gətirdiyiniz istəkləri parlament tribunasından da səsləndirməyi planlaşdırırsınızmı?

-Bilirsiniz, mən bunu hər zaman söyləmişəm, sözsüz ki, bu məsələni Milli Məclisdə də səsləndirəcəm. Düşünürəm ki, iqtidar bu istiqamətdə müəyyən addımlar atmalıdır. Humansit davranmalıdır. Azərbaycan böyük hadisə ərəfəsindədir. Heç kimə sirr deyil ki, dünyanın böyük dövlətləri nüfuzlu idman yarışlarına ev sahibliyi etmək üçün bir-biriylə ölüm-dirim mübarizəsi aparırlar. Gələn il ölkədə Birinci Yay Avropa Oyunları keçiriləcək. İndidən Azərbaycanın bədxahları bu yarışmanın əleyhinə bir kampaniya başladıblar. Ona görə də imkan vermək olmaz ki, o boyda hadisənin üzərinə kölgə salınsın. Azərbaycanın imici baxımından o tədbir olduqca önəmlidir. Yəni 20 faiz torpağı işğalda, bir milyon qaçqını-köçkünü olan bir balaca dövlət belə dünyaca məhşur idman tədbirinə ev sahibliyi edir. Söhbət nədən gedir? Azərbaycanın 5-10 vətəndaşıdır də, onları azad etmək lazımdır. Bu gün Leyla Yunusu müdafiə edən həmin Əli Kərimli, isa Qəmbər baxın görün zamanında -Elçibəyin hakimiyyəti dövründə ona nələr demirdilər, yazmırdılar, nələrdə ittiham etmirdilər? Yəni belə insanların cəmiyyət üçün ciddi təhlükə törətdiyini, onların hansısa çağırışlarına cəmiyyət tərəfindən reaksiya veriləcəyini düşünmürəm. Sadəcə olaraq həmin bu insanlardan biz əzabkeş obrazı yaradıb sabah onları Nobel Mükafatçısı da edə bilərlər, yaxud o adamların vasitəsilə Azərbaycanın imicini daha da korlaya bilərlər. Düşünürəm ki, bunun üçün bu adamların azadlığa buraxılması dövlətimizin mənafeyi baxımından daha doğru olardı. Bundan sonra Azərbaycan bütün diqqətini yönəltməlidir olimpiya oyunlarına, eyni zamanda ölkədəki sağlam QHT sektoru və sağlam müxalifətlə əməkdaşlıq yoluyla elə mühit yaratmaq lazımdır ki, artıq həmin radikal qüvvələri cəmiyyət təhlükəli bir qüvvə kimi heç qəbul etməsinlər. Onsuz da cəmiyyət də dünyada və bölgədə baş verən prosesləri izləyir və sabitliyin pozulacağının hansı nəticələr doğura biləcəyinin fərqindədirlər. Doğrudur, bizim insanların demokratik vərdişləri olmasa da əhalinin böyük bir hissəsinin dünyagörüşü yetərlidir və yaxşını yamandan seçməyi bacarırlar.

-Yas mərasimlərinin obrazlı desək abıra salınması tərəfdarları və əleyhdarları arasında az qala savaş gedir.

-Sözün doğrusu, düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi artıq bu barədə xeyli öncədən fətva verib və bundan sonra bütün məscidlərdə, bütün xeyir-şər evlərində din xadimləri özləri mərhumun yaxınlarına başa salmalıdırlar ki, ola bilsin sənin imkanların var hər cür ehsan verəsən, amma başqa birinin də heç nəyi yoxdur deyə sıxılır. Yəni hamıya öz valideyni, qohum-qardaşı çox əzizdir. O insanlara başa salmaq lazımdır ki, ən böyük rəhmət imkansızın da dünyadan köçənini və ona yas verənlərini nəzərə almaqdır. Yəni insanlar məcbur olub ölülərinə yas verirlər, sonra onun borcundan illərlə çıxa bilmirlər. Mən hamı üçün ibrətamiz olan bir misal çəkim. Adını çəkmək istəmədiyim bir dostum deyir ki, bir gün rayonda bir nəfər yaxınlaşdı mənə, xahiş etdi ki, mənə 800 manat pul ver, anam rəhmətə gedib, onun yasın yola verim. Dostum deyir çıxarıb pulu verdim və dedim ki, mən bu pulu sənə borc vermirəm, halal xoşu olsun. Deyir o imtina etdi ki, yox, elə olsa bir manatın da götürmərəm, bu mənim anamdır, onun ehsanını özüm verməliyəm. Deyir yasdan ay yarım keçəndən sonra gördüm həmin adam gətirib 100 manat verdi. Deyir onu qınadım ki, axı mən sənə bir dost kimi əl tutdum, bu pulu mənə niyə qaytarırsan? Cavab verdi ki, anamın yasın mən verməliyəm, vəssalam. Dostum deyir həmin 800 manatı o adam bir ilə zorla qaytarıb. Deyir onun qəlbinə dəyməmək üçün məcbur olub aldım o pulu. Deməyim odur ki, insanlar bu cür əziyyət çəkirlər. Bax bu həqiqəti də insanların imkanlısına da, kasıbına da izah etmək lazımdır ki, başqalarını nəzərə almaqdan böyük rəhmət yoxdur. Bilirsiniz ki, bu məsələ Naxçıvanda çoxdan həllini tapıb. O cümlədən Azərbaycanın digər bölgələrində də bunu etmək lazımdır. Mən Cənub regionunda dostlarımızın dünyadan köçənlərinin yas mərasimlərində oluram. Bəzən mollalar 7 gün, üstəgəl hər cümə axşamlarında da otururlar. Yəni mollalar yas yiyəsini açıq-aşkar istismar edirlər. Molla camaatın içində hündürdən deyir ki, bilirsiniz, yaxşı oğul atasına 40 gün ehsan verər. Yəni insanları üzə salırlar, yaxud onları buna sövq edirlər ki, öz bazarları "xod" getsin. Əlbəttə, bizim çox ləyaqətli din xadimlərimiz də var, bu cür dələduzlar da var. Yəni insanların inanclarından istifadə edib onları istismar edirlər. Bunun qarşısını almaq lazımdır və bizim kimi ölkələrdə çox vaxt şüur yüksək səviyyədə formalaşmadığından inzibati yollardan da istifadə etmək lazımdır. Yəni QMİ açıq şəkildə məsələni qoymalıdır ki, ehsandan öncə gəlib sənin duanı oxuyan mollanı cəzalandıracam. O zaman kimsə risk edib belə etməyəcək. Yerli icra hakimiyyətləri bəzən başqa məsələlərdə kifayət qədər sərt mövqe sərgiləyirlər. Hesab edirəm ki, adət-ənənələrimiz qorunmaq şərtilə onlar da məsələyə müdaxilə etməlidirlər. (moderator.az)