Ermənilər mənim deputat seçilməyimi istəmirdilər Müsahibə

Ermənilər mənim deputat seçilməyimi istəmirdilər

Hüseyn Əliyev: "Arxangelsklə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək lazımdır"

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tədricən həmin ölkələrin cəmiyyətlərinə inteqrasiya edərək onun ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün bir çox ölkələr var ki, həmin ölkələrin qanunverici və icraedici orqanlarında məhz azərbaycanlılar təmsil olunur. Bu mənada Rusiya Federasiyası da xüsusi qeyd edilməlidir. Təkcə paytaxt Moskva deyil, eləcə də onun digər subyektlərində yaşayan azərbaycanlılar ictimai-siyasi fəallıqları ilə seçilərək müəyyən postlara sahib olurlar. Arxangelskidə yaşayan həmyerlimiz, şəhər Dumasının üzvü, tanınmış iş adamı Hüseyn Əliyevi də bu kateqoriyaya aid etmək olar. Onunla söhbətimiz zamanı Arxangelskidə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığı, soydaşlarımızın üzləşdiyi problemlər, eləcə də Azərbaycanla Arxangelsk arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə danışdıq.

-Azərbaycandan Arxangelskə üz tutmağınızın səbəbi nə idi?

- Əvvəla onu qeyd edim ki, artıq 26 ildir ki, Arxangelsk şəhərində yaşayıram. Əsas fəaliyyətim, məşğuliyyətim ticarətlə bağlıdır. Arxangelskdə topdan satış bazarı açmışam, həmçinin ticarət mərkəzimiz, restoranımız fəaliyyət göstərir.

1988-1989-cu illərdə baş verən proseslər, Sovet İttifaqının dağılması, ölkənin idarəçiliyində yaranan problemlər səbəbindən Arxangelskə üz tutdum. 1993-cü ilə qədər ümumiyyətlə, Azərbaycan bərbad vəziyyətdə idi. Baxmayaraq ki, Arxangelskə getdim, ancaq müntəzəm olaraq Azərbaycana gəlirdim. Hətta 1995-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü oldum. Həmin dövrə qədər mən Rusiya vətəndaşı deyildim. Ondan əvvəl, daha dəqiq desək, 1993-cü ilin prezident seçkisində öz səsimi Ümummilli Liderimiz Heydər Əliyevə vermişəm. Həmin seçkilərdə Heydər Əliyev xalqın böyük əksəriyyətin etimadını qazandı. Xalq çətin durumda idi və onu bu bəladan xilas edə biləcək şəxsiyyət qismində məhz Ulu Öndəri görürdü.

- Arxangelsk şəhər Dumasının üzvü kimi Arxangelsklə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə hansı addımlar atmağı düşünürsünüz. Duma üzvləri və ya vilayət rəhbərliyinin Azərbaycana səfərinin təşkilini həyata keçirməyi nəzərdə tutursunuzmu?

-Belə bir fikrimiz var. Məlumat üçün qeyd edim ki, elə Azərbaycana səfərimin başlıca məqsədi də budur. İstəyirəm ki, Arxangelsklə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələr bir qədər də inkişaf etsin. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdim və niyyətimi müvafiq qurumların diqqətinə çatdırılmasına çalışdım. Onu da qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev də zamanında Rusiya Federasiyasının müxtəlif subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə çalışırdı. Biz də Ulu Öndərin o müqəddəs missiyasını, uğurlu siyasətini davam etdirməyi düşünürük. Hələ 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyev mütəffiq respublikaların Rusiyanın müəyyən şəhərləri ilə əlaqələr qurması təşəbbüsü ilə çıxış etmişdi. Həmin təşəbbüs əsasında 1970-1975-ci illərdə Arxangelsk-Azərbaycan əlaqələri yarandı. Azərbaycanın cənub zonası, Lənkəran və Astara o zaman Arxangelski meyvə-tərəvəzlə, Bakı və Abşeron kondsioner və soyuducularla təmin edirdi. Həmin dostluq münasibətlərinin davamı olaraq Bakı-Arxangelsk birbaşa təyyarə reysi açılıb. Bütün bunları nəzərə alaraq təklif etdim ki, Heydər Əliyev tərəfindən əsası qoyulan ikitərəfli münasibətləri, əlaqələri bu gün davam etdirək. Bu məqsədlə Arxanglsk şəhər meri ilə söhbətlərim olub. Həmçinin Arxangelsk şəhər Dumasının sədri ilə məsləhətləşmələr aparmışam və onlar da buna razılıq veriblər. Bir sözlə Azərbaycanla Arxangelsk arasında təkcə ticari deyil, həmçinin siyasi-iqtisadi sahələrdə də əlaqələri genişləndirmək olar.

- Görünür, Arxangelskdə də Heydər Əliyevə böyük hörmət və ehtiram var...

- Ümummilli lider Heydər Əliyev təkcə Sovetlər İttifaqında deyil, eləcə də dünya miqyaslı bir siyasətçi idi. Bu məqam Arxangelskdə onunla bağlı düzənlənmiş anım mərasimlərində də vurğulanıb. Həmin mərasimlərdə vilayət rəhbərliyinin ən yüksək səviyyəli rəsmiləri, qubernator, şəhər meri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər, Ulu Öndərlə bağlı fikirlərini bölüşüblər.

Qarşıda müəyyən planlarımız da var. Arxangelskdə Ulu Öndərin adına parkın salınmasını, büstünün qoyulmasını, adını daşıyacaq küçənin müəyyənləşdirilməsini nəzərdə tuturuq. Təbii ki, bütün bunlara nail olmaq üçün Arxangelsklə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək lazımdır.

-Siz həm şəhər Dumasının üzvü, həm də orada kifayət qədər tanınmış iş adamısınız. Bütün bu nailiyyətləri Arxangelskdə yaşayan ermənilər necə qarşılayır?

- Əlbəttə, düşmən hər an bizim üçün düşməndir və onun hər hansı addımına qarşı tədbirli olmalıyıq. Heç şübhəsiz ki, ermənilər mənim Dumanın deputatı seçilməyimdən kifayət qədər narahat oldular. Seçkilər zamanı namizədlər arasında erməni də vardı. Namizədliyim Rodina Partiyasından irəli sürüldüyü halda, erməni nümayəndə Yedina Rossiya Partiyasından namizəd olaraq seçkilərə qatılmışdı. Nəticələrə əsasən mən Dumanın deputatı seçilsəm də, həmin erməni etimad qazana bilmədi. Bu hadisə ermənilərə böyük təsir etdi. Deputat seçilməyimi qətiyyən istəmirdilər. Onu da qeyd edim ki, Arxangelskdəki ermənilərin daxilində də müəyyən parçalanma müşahidə edilir. Elə son Duma seçkilərində də bunun şahidi olduq. Belə ki, Dumaya namizəd olan erməni Yedina Rossiya Partiyasından seçkilərə qatılsa da, lakin Arxangelskdə yaşayan ermənilərin müəyyən bir qismi məhz mənim namizəd olduğum Rodina Partiyasına səs verdi. Məlumat üçün qeyd edim ki, Dumaya namizədlər arasında Rodina Partiyasının siyahısında mənim adım ilk yerdə idi. Ümumiyyətlə, Arxangelsk tarixində heç vaxt şəhər Dumasında azərbaycanlı deputat olmayıb. İndiyə qədər də Arxangelsk şəhər Dumasında erməni deputata rast gəlinməyib. Yalnız bir gürcü deputat olub.

-Arxangelskdə yaşayan azərbaycanlıların və ermənilərin sayı nə qədərdir?

-Arxangelskdə 10 minə yaxın azərbaycanlı, 2-3 minə qədər erməni yaşayır. Onlardan təxminən 500-ə yaxını Rusiya vətəndaşıdır. Ancaq ermənilər diasporun hesabına müəyyən qurumlara təsir göstərir, Ermənistana kömək əli uzadır. Ancaq bizdə bu sahə bir qədər zəifdir. Birlik təmin ediləndə, yumruq möhkəm olanda yaxşı səs çıxır. Yoxsa parçala, böl,, dağıt, bunlar hamısı dövləti, milləti inkişafdan saxlayan proseslərdir. Bu kimi mənfi halları biz 1988-1993-cü illərdə gördük.

-Sizcə 10 min nəfər azərbaycanlıya qarşı Dumada bir nəfərin təmsil olunması aşağı göstərici deyilmi?

- On min nəfər azərbaycanlının hamısı Rusiya vətəndaşı deyil. Təxminən 3 minə yaxın azərbaycanlı Rusiya vətəndaşıdır. Yerdə qalanlar isə müntəzəm olaraq Arxangelskə gedib-gələnlər, müvəqqəti qeydiyyata düşənlərdir.

-Bəs Arxangelskdə yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər hansılardır və soydaşlarımız həmin problemlərin həlli üçün şəhər Dumasının deputatı kimi sizə müraciət edirlərmi?

-Arxangelsk Rusiyanın şimal bölgəsidir və orada yaşayan ruslar Moskva, Sankt-Peterburq, Krasnodar, Rostov ruslarından seçilirlər və təbiətcə çox sakit insanlardır. Onlar heç bir millətə qarşı problem yaratmaz, onu alçaltmazlar. Əgər millət özü-özünə problem yaratmasa heç kim ona problem yaratmaz.

-Arxanglskdə yaşayan azərbaycanlıların övladlarının Azərbaycan dilini unutmaması üçün hansı tədbirlər görülür? bazar günü məktəblərinin təşkili nəzərdə tutulurmu?

- Çox vacib məqama toxundunuz. Hazırda bazar günü məktəblərinin təşkili üzərində iş aparırıq. Bu məqsədlə bir neçə məktəb direktoru ilə görüşmüşük ki, hansısa bir zamanda, bazar günü və ya axşam saatlarında uşaqlar üçün belə bir dərslər təşkil edək. Düzdür, elə uşaqlar var ki, Azərbaycan dilində danışarkən çətinlik çəkirlər. Ancaq bu az bir qism təşkil edir. Həmin uşaqların ailələri ilə söhbətlər aparır, evdə övladları ilə öz dillərində danışmalarını tövsiyə edirik.