“Poroşenkoya inam azalıb” Müsahibə

“Poroşenkoya inam azalıb”

Elməddin Zərbəlizadə: "Ukraynanın NATO-ya üzv olması artıq 3-cü dünya müharibəsinin başlanğıcı deməkdir"

ÜmumUkrayna Azərbaycan Gənclər Təşkilatının icraçı direktoru Elməddin Zərbəlizadənin "Xalq Cəbhəsi"nə müsahibəsi

- Xarici mətbuat Ukraynadakı vəziyyətlə bağlı müxtəlif məlumatlar verir…Gerçəkdə Ukraynada mövcud durum necədir?

- İlk öncə onu vurğulamaq istərdim ki, Ukrayna tarix boyu öz strateji əhəmiyyətinə görə bir çox fərqli ideologiyaların, müxtəlif maraqların toqquşduğu bir ölkədir. Dövrümüzdə də bu maraqlardan doğan ideoloji istəklər nəticəsində ölkənin başına gələn taleyüklü problemlərin şahidi olduq. Bir ildən artıqdır ki, ölkədə yaşanan acınacaqlı durum Ukraynaya qarşı laqeyd olan güclərin də bura diqqət ayırmalarına vadar etdi. Hazırdakı durum 2015-ci ilin ilk aylarından daha sakitdir. Bildiyiniz kimi ilin başlanğıcında Şərqi Ukraynada daha da qızışmış müharibə alovu az da olsa sönüb. Müxtəlif xarici mətbuatın və ya yerli KİV-in verdiyi hər bir məlumat düşündüyünüz qədər də qərəzsiz deyil. Çünki ölkədə, ələlxüsus çaxnaşma və qarışıqlıq olan bir ölkədə mətbuat belə müxtəlif cəbhələrdə, hətta bir-birilərinə qarşı mübarizə aparır.

- Yazılanlara görə, ukraynalıların prezident Poroşenkoya etimadı da azalır. Bu barədə nə deyə bilərsiz?

- Yeni hökumət ötən ilin may ayından etibarən oz fəaliyyətinə başlayıb. İstər ölkə başçısı Poroşenko olsun, istərsə də dövlətdə yer alan müxtəlif yüksək rütbəli məmurlar olsun, xalqın onlara qarşı olan seçkidən öncəki inamlarını itiriblər. Bu kimi proseslər ümumiyyətlə, inqilabın baş verdiyi bir çox ölkələrdə bas verir. İnqilabdan öncəki arzular və istəklər sonda romantik bir şəkildə xalqın düşüncəsində yeni hökumətin gəlməsiylə bütün problemlərin həll olunması tərzini qoyur. Lakin burada bir neçə incə məsələlər vardır ki, bunları görməməzlikdən gəlmək və xalqa catdırmamaq, xalqı aldatmaqdan başqa bir şey deyildir. Bu gün Ukraynada dövlət nümayəndələri arasında da fikir ayrılığı vardır. Ancaq bütün hallarda ukraynalılar oz taleyini özləri yazmaq gücündə olduqlarını dünyaya dəfələrlə sübut ediblər. Sadə xalqın bu günlərdə Poroşenkodan belə narazılıqları da xalqın istəyi üzərində öz həllini tapacaqdır.
Separatçıların olduğu ərazilərdə isə sosial vəziyyət barədə isə ümumiyyətlə danışmağa dəyməz. Ukraynanın şərqində olan hadisələr yenicə başlayan zamanlarda artıq xalqın böyük kütləsi ölkənin qərbinə və paytaxt Kiyevə axışmağa başladı. O ərazilərdə qalan az sayda əhali belə dövlətdən cüzi dəstək hesabına və öz təsərrüfatları ilə dolanırlar.

- Qərbin siyasi bəyanatları və sanksiyaları nəzərə almasaq, bu müharibədə Ukraynanı meydanda tək qoyduğu iddia olunur. Sizin fikrinizcə, müharibə başlayan andan Qərbin Ukraynaya verdiyi vədlərin hansıları yerinə yetirilib?

- Qərbin ölkəyə humanitar yardımını əlbəttə ki, xüsusi vurğulamaq lazımdır. Göründüyü qədəriylə Qərb bölgədəki problemi sülh yolu ilə həllinə tərəfdardır. Ancaq istənilən halda Ukrayna xalqının gələcək taleyinin onun öz əlində olduğunu düşünürəm. Çünki bu cür oxşar siyasi halların digər ölkələrdə necə həllini tapdığının şahidi olmuşuq.

- Ukrayna məsələsində Qərb-Rusiya qarşıdurmasının 3-cü dünya müharibəsinin başlaya biləcəyi demək olacaqmı?

- Düşünürəm ki, III dünya müharibəsinin işartıları hələ 21-ci əsrin əvvəllərindən başlayıb. Yeni dünya nizamında bəzi ölkələrdə baş verən siyasi hadisələrin yeni bir dövrü Ukraynada başlayıb. Ukrayna kimi böyük ərazili, lakin siyasi cəhətdən dayanıqsız ölkələr sadəcə özlərini göstərmək istəyən böyük güclərin hərbi meydançası rolunu oynayır.

- Nədən Ukrayna məsələsində ABŞ başda olmaqla Qərb Rusiya ilə üz-üzə gəldi, amma Qarabağ məsələsində susdu. Bu nədən irəli gəlir və hansı amillərlə izah oluna bilər?

- Tamamilə doğru buyurursunuz. Ölkəmizin 90-cı illərin əvvəllərində yaşadığı hadisələri bir növ hal- hazırda Ukrayna yaşayır. Amma dediyiniz kimi Qərbin Qarabağ hadisəsində susması, indi isə Şərqi Ukrayna məsələsinə dəstəyini yalnız ikili standart kimi qiymətləndirmək olar. Başda ABŞ olmaqla Qərb Ermənistana və Dağlıq Qarabağdakı separatçılara dəstək verdiyi halda, Ukraynada olan separatçıları birmənalı şəkildə cinayətkar adlandırır. Reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında mövcud durum regional baxımdan Qərbin də, Rusiyanın da maraqlarına cavab verir. Bu problemin beynəlxalq arenada öz həllini tapmasının yalnız müəyyən zamana ehtiyacı var. Qarabağ probleminin öz həllini tapmamasında erməni diasporasının rolu az deyil.

- NATO Ukraynanı üzvlüyə qəbul etməyə cəsarət etmədi, NATO Rusiyadan bu qədərmi ehtiyatlanır?

- Ukraynanın NATO-ya üzv olması artıq üçüncü dünya müharibəsinin başlanğıcı deməkdir, bu səbəbdən başda Fransa olmaqla bir sıra qərb olkələri razı deyil. Dediyim kimi, mövcud vəziyyətdə Qərbin istəyi problemin sülh yolu ilə həllini tapmasıdır. Rusiya bəzən mətbuatın yazdığı qədər də zəif deyil.

- Ukraynadakı Azərbaycan diaspor təşkilatlarının bu məsələdə mövqeyi necədir, onların sırasında Rusiyaya meylli olanlar varmı?

- Ukraynadakı diaspor təşkilatlarımız baş verənlərə müxtəlif mövqelərdən və müxtəlif maraqlardan yanaşırlar. Amma hər halda ümumi istəyimiz Ukrayna xalqının istəyi ilə uzlaşmalıdır. Dövlətimizin bu kimi məsələlərdə yanaşması çox mühüm bir şəkildə nəzərə alınmalıdır. Cənab prezidentimizin də çıxışlarında vurğuladığı kimi Ukraynanın ərazi bütövlüyünü tam şəkildə tanımalı və xalqın mənafeyini dəstəkləməliyik.
Qaldı ki, diaspor təşkilatlarımız arasında problemlər tək Ukraynada deyil, bir çox ölkələrdə var. Günümüzə qədər lobbimizin formalaşmamasının başlıca səbəbi də budur. Təşkilati maraqları bir çox hallarda öz şəxsi maraqlarına qurban verən diaspor nümayəndələri az deyildir. Bəzi hallarda, hətta belə xoşagəlməz münasibətlər səfirlik və təşkilatlar arasında da olur. Amma şükürlər olsun ki, Ukraynada səfirliklə təşkilatlarımız arasında belə bir problem yoxdur. Ən başlıca problem təşkilatların arasında münasibətlərdədir. Xüsusilə belə problemlər gənclərə münasibətdə və nəsillərarası dialoq məsələsində qabarır.

Cavid