“Avropa Oyunları Azərbaycan üçün böyük imkandır” Müsahibə

“Avropa Oyunları Azərbaycan üçün böyük imkandır”

Slovakiya parlamentinin komitə sədri: "İki ölkə arasında hökumətlərarası komissiyanın yaradılması çox yaxşı olardı"

Slovakiya parlamentinin Konstitusiya və hüquqi işlər komitəsinin sədri, Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Robert Madeyin APA-ya müsahibəsi

- Azərbaycana səfərinizin məqsədi nədir?

- Biz Slovakiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun azərbaycanlı nümayəndələrinin dəvəti ilə buraya səfər etmişik. Biz parlamentlər arasında - Milli Məclis və Slovakiya Milli Şurası arasında münasibətləri inkişaf etdirmək niyyətindəyik. Səfərimizin məqsədi hər iki ölkənin parlament üzvlərinin bir-birini daha yaxından tanımasıdır. Bununla tərəflər hər iki ölkənin maraqlarına daxil olan məsələlərlə bağlı əməkdaşlıq, danışıqlar, təcrübə mübadiləsi apara bilirlər.

- Azərbaycanda hansı istiqamətlərdə müzakirə apardınız?

- Biz parlament nümayəndələri və parlamentdən kənarda sizin hökumətin digər qurumları ilə danışıqlar apardıq. Deyə bilərəm ki, səfərimiz müddətində sizin ölkənin fəaliyyət sahələri ilə bağlı geniş təcrübələrlə tanış olduq. Biz ikitərəfli münasibətlərdə iqtisadi əlaqələrin inkişaf etdirilməsini çox istərdik. Bizim həmçinin mədəniyyət və təhsil sahəsində əməkdaşlığımızı genişləndirməyimiz çox yaxşı olardı. Bunlar bizim inkişafını görmək istədiyimiz ən vacib məsələlərdir.

- Azərbaycanda "ASAN Xdmət"in fəaliyyəti ilə tanış oldunuz. Bu layihə barədə nə deyə bilərsiniz?

- "ASAN Xidmət" dövlətin insanlara ən asan yolla necə xidmət göstərə biləcəyi ilə bağlı böyük nümunədir. Çünki biz həmişə şahidi oluruq ki, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya digər sənədlər almaq istəyən şəxs başqa ölkələrdə bir sıra qurumlara getməli olur. Sizdə isə çoxsaylı nazirliklərin, ofislərin bir inteqral mərkəzi var. Bu, xidmətlərin insanlara daha asan çatdırılması sahəsində çox gözəl nümunədir. Bunu görmək bizim üçün də böyük təcrübə oldu.

- Gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsini öyrənməklə bağlı hansısa əməkdaşlıq planları varmı?

- Biz burada gördüklərimiz barədə Slovakiyada mütləq danışacağıq. Parlametlərarası əməkdaşlığın olmasından çox məmnun olarıq. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovla danışıqlar apardıq. Bu görüşdə çox gözəl fikir mübadiləsi aparıldı. Slovakiya ilə Azərbaycan arasında parlamentlərarası komissiyanın işləyə biləcəyi ilə bağlı danışıqlar oldu. Biz parlament üzvləriyik və iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlğın inkişaf etdiriməsinə səy göstərə bilərik. Ən çox isə biz hökumətlərin birlikdə işləməsi və insanlar üçün müəyyən layihələr həyata keçirmək sahəsində əməkdaşlığına töhfə verə bilərik. İki ölkə arasında hökumətlərarası komissiyanın formalaşması çox yaxşı olardı. Biz görüşdə hökumətlərimizlə bu komissiyanın yaradılması sahəsində məsələhətləşmələr aparmağı qərara aldıq.

- İki ölkə arasında hazırkı münasibətləri necə qiymətləndirisiniz?

- İlk olaraq onu deyim ki, ölkələrimiz arasında açıq məsələlər, münaqişəli mövzular yoxdur. Bizim iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığımıza geniş imkan var. Əlaqələrimizi daha geniş necə inkişaf etdirə biləcəyimiz, biznes, təhsil, mədəniyyət sahəsində əməkdaşlığımızı artırmağımız üçün imkanlar mövcuddur. Biz səfərimizin bu münasibətləri daha da inkişaf etdirməsindən çox məmnun olarıq.

- Slovakiyanın Azərbaycanın böyük enerji layihələrində iştirak etməsi ilə bağlı hansısa planlar varmı?

- Avropaya göndərilən istənilən neft, qaz, enerji resursu bizim üçün çox önəmlidir. Çünki bununla biz enerji mənblərimizi diversifikasiya edə və enerjini fərqli mənbələrdən ala bilərik. Enerjinin diversifikasiyası çox vacibdir. Mən şəxsən bu layihələrin başlamasından çox məmnunam və əminəm ki, biz onun nəticələrini görəcəyik. Mən onun gələcəkdə necə işləyəcəyini görməkdə maraqlıyam.

- Bu il Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu kimi tədbirlərin Azərbaycana nə kimi üstünlüklər verəcəyini düşünürsünüz?

- Mən Azərbaycana çoxsaylı yeniliklər, uğurlar arzulayıram. Arzu edirəm ki, bu ölkə üçün hər şey yaxşı xətlə getsin. Birinci Avropa Oyunları Azərbaycan üçün uğuru layihə olacaq. Bu, sizin ölkənin Avropada çox yaxşı şəkildə reklam olunması üçün böyük imkandır.

- Slovakiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Bizi dünyada bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik.

- Siz Azərbaycanda iki məcburi köçkün düşərgəsində oldunuz? Onların vəziyyəti barədə nə deyə bilərsiniz?

- Mən deyə bilərəm ki, bəzən insanların kədərli taleyini görmək həqiqətən çox kədərlidir.