“Cığır”dan Zəfər yoluna Ədəbiyyat

“Cığır”dan Zəfər yoluna

Elnarə Qaragözova

Fil.f.d.

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

Yunus Oğuzun ədəbiyyatımızın yeni dövrünün ilk romanı olan "Cığır" tarixi romanı ilə bağlı düşüncələr

Ədəbi mühitdə gedən cari proseslərə, tendensiyalara nəzər saldıqda Vətən müharibəsindən sonra müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının başlandığını əminliklə qeyd edə bilərik. Bu tendensiya müstəqillik dövrü ədəbiyyatının əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranması ilə bağlıdır. 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatması, XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi liderinin dünyada qəbul olunması kimi xalqımız üçün önəmli olan, vətənimizin nəinki müasir, hətta yüzillər sonrakı taleyini müsbət yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu kontekstdə Zəfərimizin simvolu olan və gələcəkdə qələbəmizin arxetipik obrazına çevriləcək olan Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı olaraq Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa ili" elan edilməsi ədəbiyyatın qarşısında yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə bağlı məsuliyyətli vəzifələr qoyur. Daim tarixi roman janrı ilə bağlı intensiv yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş yeni romanı "Cığır" məhz bu vəzifələrin həlli baxımından ədəbiyyatımız üçün böyük önəm kəsb edir. Romanda hadisələr 3 zaman kəsiyində təqdim olunur: Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında çoban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən nəsilə keçirərək qoruyurlar. "Nəsrəddin cığırı" tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında müstəsna rol oynayır. Məhəmmədhəsən xanın Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə Milli Qəhrəman Ramiz Qənbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batalyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbə vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın ermənilərin 28 il ərzində tapa bilmədikləri Pənahəli xandan yadigar sirrini - heç bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz "Cığır"da daha öncəki tarixi romanlarından oxucuya tanış olan Murad obrazını yeni ştrixlərlə təqdim edir. Yazıçı romanda çoban Nəsrəddinin Səfəvi xanədanı ilə bağlılığını dilə gətirməklə onun nəslinin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolunun, çığırın qoruyucusu olmasının təsadüfi olmadığını vurğulayır. Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən "kölgə döyüşçülər" düşməni eyni üsulla - xəncər (bıçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər. Bu faktla yazıçı yalnız Muradın daşıdığı sirrin deyil, "kölgə əsgər" taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir.

Romanda Şuşa şəhərinin Hülakü hökmdarı Qazan xanın zamanından qalmış "Şuşa" adlı keşikçi qülləsinin yerində inşası, Qarabağ məliklərinin - "Xəmsə" məliklərinin əslində xristian türklər-albanlar olması, Tonoyanın oxuyub hiddətləndiyi V.L.Veliçkonun "Qafqaz: Rus işi və tayfalararası suallar" kitabındakı ermənilərlə bağlı həqiqətləri əks etdirən hissələr tarixi arayış xarakteri daşısa mətnin ana xəttinə məharətlə hörülərək müəllifin qayəsinin gerçəkləşdirməsinə kömək edir.

Şuşa Azərbaycan üçün yalnız qürur, ləyaqət, mədəniyyət simvolu deyil, həm də hakimiyyət rəmzidir. Bu səbəbdən 1992-ci ildə Şuşanın işğalını "Dağlarda toy" adlandıran ermənilər bununla həm xalqımızda "toy tutduqlarını", həm də Qarabağın hakimlik açarını əldə etdiklərini vurğulayırdılar. Vaxtilə Azərbaycanın hərbi-siyasi zəifliyindən istifadə edərək torpaqlarının 20 faizini işğal edən ermənilər yeni dövrün reallıqlarını nəzərə almayaraq "yeni müharibə yeni ərazilər" şüarı ilə 2020-ci ildə Tovuz istiqamətində hücuma keçərək bu təxribat vasitəsilə Qarabağı Azərbaycandan tamamilə qoparmaq niyyətini gerçəkləşdirməyə çalışırlar. Tonoyanın Moskva görüşlərində açıqlanan əsas gediş KTMT-ni müharibəyə cəlb etməklə Azərbaycanı hərbi-siyasi iflasa uğratmaqdan ibarət idi. Erməni tərəfi Azərbaycanı qıcıqlandırmaq üçün xalqımızın məbədgah bildiyi Şuşada yallı getmək, parlament binası tikmək, Anna Akopovanın sərsəm açıqlamaları və müraciəti, Tovuz döyüşlərində general-mayor Polad Həşimov və silahdaşlarının xain zərbə ilə həlak edilməsi, Bakıda orduya dəstək mitinqində təxribat cəhdi ilə öz niyyətini həyata keçirməyə çalışır. Lakin Ali Baş Komandanın dəqiq hərbi-siyasi gedişi, səbri sayəsində müharibəyə digər dövlətlərin müdaxilə etməsinin qarşısı alnır. Tovuz döyüşlərinin aurası, Dövlətin Xalq və Vətən sevdası, Xalqın Vətən və Dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir. Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan üçün yeni cığır açır, sentyabrda isə "Dəmir yumruq" işə düşərək bu çığırı 44 gün ərzində geniş Zəfər yoluna çevirir.

Əsərdə həm erməni, həm də Azərbaycan dövlət xadimlərinin obrazları realist boyalarla təsvir edilmişdir. Ali Baş Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın, general - mayor Polad Həşimovun, Millət vəkili Qənirə Paşayevanın, prezidentin köməkçisi Hikmət Hacıyevin, Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəlıiyevin və digərlərinin parlaq obrazları oxucuda nə qədər rəğbət doğurursa, Ermənistanın baş naziri Nikol Paşinyanın, Anna Akopyanın, Tonoyanın, Ter-Petrosyanın, Zori Balayanın obrazları bir o qədər ikrah və nifrət yaradır.

Yunus Oğuz romanda müharibədə yaşanmış, hər birimizə 44 günlük Vətən müharibəsindən tanış olan, həm arxa cəbhədə, həm də ön cəbhədə yaşanmış, xalqımızın yurd sevgisini əks etdirəm olayları böyük riqqətlə əks etdirmişdir. Keçmiş döyüşçü Nurəddin Xoca, cığırın sirrini açan Şuşalı Nəsrəddin Murad, Şəhid əri Farizə zəng vuran qürurlu Əzizə, şəhid ərinin tabutunu çiynində daşıyan Nurgül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal, erməni zabitini boğan Cəbrayıl Dövlətzadə bizim real qəhrəmanlarımız, xalqımızın Vətən eşqinin canlı heykəlləridirlər.

Əmir Teymurun əsrlər öncə söylədiyi "Mənim xalqım da, ordum da bir yumruqdur. Hara yönəltsəm ora gedəcək" sözləri XXI əsrdə Azırbaycanın lideri İlham Əliyevin timsalında, "Dəmir Yumruq" formatında türkün qüdrətinin bir daha dünyaya hayqırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən əsrlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır.

44 günlük Vətən müharibəsinin simvolu olan Şuşa şəhərinin tarixi fonunda xalqımızın öz torpaqları, öz milli dəyərləri uğrunda əsrlərdən bəri davam edən çətin, lakin qələbəyə köklənmiş mübarizəsini işıqlandıran romanın təhkiyəsi olduqca canlı və axıcı olduğundan yaxın tarixdən oxucuya tanış olan real faktlar, rəsmi, xronikal-tarixi arayışlar, hərbi xarakterli sadalamalar bədii mətnin siqlətinə xələl gətirmir. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır.