Kökümüzə gedən yolu tikanlardan təmizləyək Ədəbiyyat

Kökümüzə gedən yolu tikanlardan təmizləyək

Xalq şairi Bəxtiyar Vahabzadənin professor Ramazan Qafarlının kitabına yazdığı ön söz

2-CI YAZI

Kitabda ən böyük bölmə əfsanələrin janr xüsusiyyətlərinə, poetik strukturuna, mövzu dairəsinə və miflərlə bağlığına həsr olunub. Müəllifin sözləri ilə desək, torpağını, obasını öz qanı bahasına yadlardan qoruyan ulularımız onun hər qarışına – orada rastlaşdığı hər daşa, çaya, gölə, çəmənə, meşələrində, düzlərində gəzib dolaşan heyvanlara, sinəsində bitən güllərə, çiçəklərə, havasında süzən quşlara əfsanələr düzüb qoşub, bununla doğma yurdlarına öz möhürlərini vurmuşdular ki, gələcək nəsillər o yerlərin türklərə məxsusluğunu təsdiqləyə bilsinlər və ulu tanrıdan əcdadlarımıza miras qalan vətəni göz bəbəkləri kimi qorusunlar".
Sonra ağrılarımızdan, acılarımızdan söz salaraq bildirir ki, bu zəngin sərvətin – bədii yaradıcılıq nümunələrinin türk yurdu – Qərbi Azərbaycan torpaqlarında yaşayan nənə-babalarımızın yaddaşlarından vaxtında toplanmaması bəlkə də sonsuz faciələrimizdən biridir. Çünki illər arxada qalandan sonra mənfur düşmən ələsgərlərimizin qəbirlərinin altını üstünə çevirdikləri kimi, onların ayaqları dəyən daşlara, yollara, düzlərə, meşələrərə, çəmənlərə, qayalara, dağlara, suyunu içdikləri sərin bulaqlara qondarma erməni adlarını yapışdırıb öz "əfsanələrini" toxuyacaqlar.
Kitabın bir qəribəliyi də ondadır ki, R.Qafarlı mənəvi abidələrimizə ögey münasibət bəsləyənlərə qarşı barışmaz mövqedə durur. O, kökümüzə doğru uzanan yollarla addımlayarkən xalqın sərvətinə dırnaqarası baxanlarla rastlaşır, ilk növbədə folklor nümunələri yazıya alıb yaşadanlara üz tutur.
Folklorun xüsusi yaranma mexanizmi var. Fərdin düşüncə tərzi ilə milyonların təfəkkür süzgəcindən keçirilib cilalan nümunələr o dəqiqə seçilir. Xüsusilə əfsanələrə diqqət və qayğı ilə yanaşmağı tövsiyə edən R.Qafarlı bildirir ki, "bu "təşəbbüslər" ilk növbədə folklor janrlarının spesifikliyini pozduğu üçün dolaşıqlıq yaradıb, xüsusilə epik ənənəndə jarların əlamətlərini düzgün müəyyənləşdirmək mümkün olmayıb. Xalqın özünün təyin etdiyi yaradıcıdlıq formalarının xüsusi qəlibləri, biçimlənmiş yaranma üsul və metodları var. Ona görə də hər hansı bir yazıçıya xas fərdi yaradıcılıq üslubu ilə xalq yaradıcılığı formaları arasında ciddi fərq nəzərə çarpır".
Bu mənada əfsanələri Azərbaycan türkünün namus, qeyrət pasportu, əxlaqının göstəricisi hesab etmək olar. Heç bir ölkənin əfsanələrində bizdə olduğu qədər namus, qeyrət məsələlərinə incəliklə yanaşan motivlərə, namusu canından, qanından üstün tutan qəhrəmanların təsvirinə rast gəlmirik. Məhz Azərbaycan əfsanələrinin ən xarakterik xüsusiyyəti bu motivlə üzə çıxır.
Kitabda "Sel Saranı niyə aparır?", "Boz qurd türklərin əsas totemidirmi?", "Ulularımız "mannalılar" ilandanmı doğulmuşlar?", "Türkün övladına "qızıl beşik" lazımdırmı?", "Dünyanın sonu cəhənnəmdirmi?", "Nuhun tufanı nədən baş verdi?, "Maral Azərbaycan türklərinin əfsanələşmiş totemidirmi?", "Ç.Aytmatov "Buynuzlu ana maral əfsanəsi" ilə nə demək istəyir?" kimi sorğulara dolğun cavab alırsan. "Çiçəklər miflərdə, əfsanələrdə və gerçəklikdə" başlığı altında verilən hissədə nələrə rast gəlmirsən. Qaldırılan məsələlər barədə saatlarla diskussiya aparmaq olar. Məni silkələyən bir motiv üzərində də dayanmaq istəyirəm: əfsanələrimizdə rastlaşdığımız "südün qana qarışması" motivi. R.Qafarlı bu motivin şərhini verərkən bir cümlə işlədir: "Südün qana qarışması şərin qələbəsi deməkdir". Bəli, südü qana qarışdıranlar haqqı tapdayanlardır.
Azərbaycan miflərində böyük qəzadan – tufandan bəhs olunur. Nizami də Allahın insanlardan üz döndərməsindən bəhs açır. Ona görə ki, onlar meydanı şərə verib, xeyirxahlıqdan əl çəkib, ədalətin ağzını qıfıllamışdılar. Bu halda ulu tanrı öz bəndələrini yer üzündən təmizləmək qərarına gəlir. Bəlkə də onu qəzəbləndirən insanların südü qana qarışdırmaları olub. "Mif və sakral rəqəmlər" bölməsində də çoxlu təzə məlumat öyrənirsən. Türk say sistemi üzrə dünya modelinin qurulmasını göstərən cədvəl hamının diqqətini özünə çəkəcəyinə şübhəm yoxdur.
Nağılların strukturunun müqəddəs rəqəmlərlə qurulduğunu müşahidə edən tədqiqatçı yazır: "Diqqət edin, nağıllar vahidlə başlayır: "Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi". Bir naməlum ölkə ilə ikiləşir, o ölkənin padşahı (yaxud taciri, ovçusu, əkinçisi və s.) səhnəyə gətirilməklə isə üçləşir, yəni primitiv də olsa, mifik dünya modeli (allah-yer-insan) qurulur. Məsələn, "Məlikməmməd" nağılında başlanğıcda qoyulan 3 rəqəmi bütün hadisələri müşaiyət edir: "Padşahın bağındakı "alma ağacı birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş". Sonra üç oğlun meydana atılır. Almaların qorunmasına üç dəfə təşəbbüs edilir. Qardaşların üç də quyuya düşmək istəyir. Məlikməmmədin üç devlə və üç qızla rastlaşır. Hər devin ayağını üç dəfə xəncərlə dəlir. Devlərin hərəsi ilə üç gecə vuruşur və s."
Nəsiminin bir misrasında gizlənən sirrin açarını da sakral rəqəmlərdə görür: "Məşhur "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrasını sakrallığın, mifopoetikliyin ən yüksək nümunəsi hesab etmək olar. Təkcə Nəsimi yaradıcılığı imkan verir ki, Azərbaycan mifologiyasının mükəmməl strukturlara malikliyindən söz açaq. Diqqət edin: misrada işlənən ilk birdə (allahın zərrəsi olan insanda) iki (gerçək dünya və mənəvi dünya) yerləşir, lakin o, üçüncü birdə özünə yer tapmır. Görəsən nə səbəbə? Çünki birinci bir tək deyil, onda iki dünya yerləşməklə üçləşib. Mifik görüşlərdə bir-üç bağlılığı bütovlüyü, tamlığı – tanrını bildirir. Əslində mifik anlamda üçdən başqa digər rəqəmlər – dünyanın elementləri birin – bütövün, vahidin içərisində əridilir".
Həyatın qəribəlikləri çoxdur. "Mif və nağıl" kitabını oxuduğum ərəfədə məqalələr toplumu çapa hazırlayırdım. Yazılarımın arasından ünvanına çatmayan bir məktumuma rast gəldim. Keçən ilin iyul ayında Şəkidə dincəlirdim. Mənə "Ərən" adlı bir qəzet gətirdilər. İlk diqqətimi çəkən "Bu dil bizim dilimizdirmi?" adlı məqalə oldu. Bütün fəaliyyətim boyu uğrunda mübarizə apardığım məsələyə – ana dilimizin əcnəbi təsirlərlə sıxışdırılmasına ürək yanğısı ilə münasibət bildirilirdi. Gördüm ki, bu xalqın güzaranı ağır olsa da, mənəviyyatını qorumağa hələ qüvvəsi var. Qəzetdə "Ağdaşın harayı", "Arzularsız dünya", "Jurnalist etikası", "Alp Aruzun xəyanəti" və başqa yazılar da dünənimizin və bu günümüzün ağrılı məsələlərinə güzgü tuturdu. Götürüb qəzetin təsisçisi və baş redaktoru Ramazan Qafarlıya məktub yazdım. Məktub bir-neçə aydan sonra üstümə qayıtdı. Onu Şahmar Ələkbərzadəyə verdim ki, "Azərbaycan" nəşriyyatında yerləşən "Ərən" qəzetinə çatdırsın. Bir neçə gündən sonra o, bildirdi ki, "Ərən" qəzeti fəaliyyət göstərmir. Təəssüfləndim. Yalnız indi "Mif və nağıl" kitabının arxa tərəfində müəllif haqqındakı qeydi oxuyanda gördüm ki, məktubumu ünvanladığım şəxs öz əsəri ilə qonağımdır.
Ata kitabımızın 1300 illiyinin yekununa həsr olunan beynəlxalq simpoziumda mənə bir şəxs yaxınlaşdı. Əlindəki kitabı uzadıb xahiş etdi ki, onu rəyasət heyətində əyləşən Oljas Süleymonova çatdırım. Bu, bəhs açdığım "Mif və nağıl" kitabı idi. Ramazan Qafarlı ilə ilk tanışlığımız belə oldu. Sonra öyrəndim ki, o, Azərbaycan folklorunun ən az araşdırılan sahələri üzərində tədqiqat işi aparır. Namizədlik dissertasiyası uşaq folkloruna həsr olunub. Xalq dramları, mahnı folkloru və atalar sözlərinə aid iri həcmli monoqrafiyası çapdadır. Ata kitabımızın ("Kitabi-Dədə Qorqud"un) miflərlə bağlılığı və bədii strukturu haqqında maraqlı araşdırmaları var. Onun bəhs açdığımız kitabın ardı olan "Mif və epos" əsəri sponsorunu gözləyir.
Elə kitablar var ki, onlar həmişə oxunmalıdır, çünki xalqa özünü tanıtdırır. "Mif və nağıl" kimi əsərlər hər bir gəncin stolüstü kitabı olmalıdır. Təəssüflər olsun ki, çox az tirajla işıq üzü görüb. Təhsil Nazirliyi R.Qafarlı tək alimlərin imkanlarını məhz orta məktəb şagirlərinin, tələbə gənclərin milli ruhda tərbiyəsini şərtləndirən vəsaitlərinin yaranmasına istiqamətələndirsə, həm dövlətimiz, həm də xalqımız qazanar. Azərbaycan türkünün kökünə gedən yolun tikanlardan təmizlənməsinə xidmət edən bir cümlə də alqışlanmalıdır. Bizə isə bu sahədə ciddi tədqiqat əsərləri yazanlara böyük uğurlar diləmək qalır.

Bəxtiyar Vahabzadə,
Xalq şairi, akademik
17 aprel 2000-ci il