“Bako Saakyanın “Chatham House” tərəfindən Londona çağırılması siyasi məqsəd daşıyır” Siyasət

“Bako Saakyanın “Chatham House” tərəfindən Londona çağırılması siyasi məqsəd daşıyır”

Erkin Qədirli: " Saakyan "Chatham House" kimi nüfuzlu akademik təşkilatı maraqlandıra biləcək düşüncə adamı deyil"

Arzu Nağıyev: "Britaniyalıların özləri səfərin iki dövlət arasında gərginliyə səbəb olacağını bildirməklə müvafiq açıqlamalar verdilər"

Separatçı rejimin başçısının Londona dəvət edilməsi Azərbaycanda kəskin etirazla qarşılanıb. "Chatham House" tərəfindən bu addımın atılmasınıda məqsəd nədir, ekspertlər nə düşünürlər?
Qeyd edək ki, Azərbaycan XİN B.Saakyanın Londona dəvət olunması ilə bağlı iyulun 1-də etiraz bəyanatı ilə çıxış edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri ilə bağlı Azərbaycan hökumətinin qəti etirazı bildirilib.
Ekspert Erkin Qədirli qeyd edib ki, Bako Saakyanın "Chatham House" tərəfindən Londona çağırılması siyasi məqsəd daşıyır: " Saakyan "Chatham House" kimi nüfuzlu akademik təşkilatı maraqlandıra biləcək düşüncə adamı deyil. Siyasi proseslərə birbaşa təsiri olan birisi də deyil. Londonda bunu çox yaxşı bilirlər. Bununla belə, onu dəvət edirlərsə, deməli siyasi səbəbləri, daha doğrusu məqsədləri var". "Chatham House"nin müstəqil təşkilat olduğunu deyən Erkin Qədirlinin sözlərinə görə, bu quruma kobud güclə təsir etmək, ya da yersiz sifariş vermək mümkün deyil: "Amma bu, o demək deyil ki, "Chatham House" kənardan məsləhətləri və sifarişləri ümumiyyətlə almır. Alır. Hərdən onları nəzərə alır, hərdən almır. Bu dəfə nəzərə almağa və Bako Saakyanı çağırmağa qərar verdilər. Xarici İşlər Nazirliyi haqlı olaraq etiraz etmişdi bu dəvətə. Belə gedişlərə mütləq etiraz bildirilməlidir. Bako Saakyan orada yeni bir nəsə deyəsi deyil. Londonda onun kimə bağlı olduğunu yaxşı bilirlər. Bako Saakyan heç İrəvana birbaşa bağlı deyil. Onu Moskvadan idarə edirlər". E. Qədirli bildirib ki, Azərbaycanla Qərb arasında soyuq münasibətlərin olduğu vaxta Bakı Saakyanın Londona çağrılması maraqlı gedişdir. O, separatçı liderin həmçinin bundan əvvəl Fransanın paytaxtı Parisə çağrıldığını da xatırladıb. Erkin Qədirli bununla Qərb ölkələrinin münasibətləri qaydasına salınması üçün Azərbaycana mesaj verdiklərini vurğulayıb. E. Qədirlinin sözlərinə görə, Qafqaza sahiblik, ya da ən azından Qafqaza nüfuz etmək uğrunda ciddi çalışmalar var, bu çalışmaların tarixi də böyükdür.
Politoloq Arzu Nağıyev isə bildirdi ki, "Chatham House" bundan əvvəl Saakyanı Qarabağ və regional təhlükəsizlik məsələlərinə dair çıxış etməyə dəvət etdiyi haqda xəbər vermişdi. Onun sözlərinə görə, separatçının səfərinin təxirə salınması rəsmi Bakının reaksiyası nəticəsində baş verdi: "Azərbaycan XİN-in bəyanatı da öz müsbət təsirini göstərdi. Lakin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu hadisəni özünəməxsus tərzdə izah etdi. Yəni guya ki, Bako Saakyan Böyük Britaniyaya şəxsi dəvətlə səfər edir və hökumətin bu səfərin reallaşmasında heç bir rolu yoxdur. Belə ki, guya "Chatham House" müstəqil təşkilatdır və öz tədbirlərinə kimi dəvət edəcəyini özü müəyyənləşdirir və bu kimi təşkilatların fəaliyyət prinsiplərinə Böyük Britaniya hökuməti təsir göstərmir. Maraqlı məqam isə ondan ibarət oldu ki, məhz britaniyalıların özləri, daha doğrusu, tanınmıış siyasətçilər bu səfərin iki dövlət arasında gərginliyə səbəb olacağını bildirməklə müvafiq açıqlamalar verdilər. Lordlar Palatasının üzvü, lord Kilklunu və parlamentin üzvü Stefan Hepbörn "Chatham House"un bu dəvətini pislədilər. Məhz bu çıxışlar da səfərin baş tutmamasına öz təsirini göstərdi. Bundan başqa, Avropa Azərbaycan Cəmiyyətinin də rolu danılmaz idi. Bir sözlə, heç bir dövlət separatçı və daha dəqiq desək, rusiyameyilli qondarma qurumları qəbul etmək niyyətində deyil".
Onu da qeyd edək ki, Bako Saakyanın Londondakı "Chatham House" – Kral Beynəlxalq Münasibətlər İnstitutuna gəlişi azərbaycanlı fəalların etirazı ilə qarşılanıb. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında azərbaycanlı tələbələr, icma üzvləri, o cümlədən, bu məsələdə azərbaycanlılarla həmrəy olan Böyük Britaniya, Türkiyə və digər ölkələrdən olan etirazçılar iştirak ediblər. Etiraz aksiyası Azərbaycan və Böyük Britaniya mətbuatında geniş işıqlandırılıb.
"Dağlıq Qarabağ: Daxili inkişaf və regional problemlər" mövzusunda "Chatham House"da keçirilən müzakirələrdən öncə və sonra ardı kəsilmədən bu şüarlar səsləndirilib: "Saakyan - Qarabağ Azərbaycanındır!", "Biz ədalət istəyirik – Nə zaman istəyirik? İndi istəyirik!" Saakyan binanı tərk edərkən etirazçılar onu bu şüarla qarşılayıblar: "Saakyan – müharibə cinayətkarı!" Bununla onlar bildirməyə çalışıblar ki, onun rəhbərlik etdiyi separatçı rejimin işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə qayıtmasına imkan verilmir...

Əli