“Sərkisyan Xaçatryandan qorxur” Siyasət

“Sərkisyan Xaçatryandan qorxur”

Mübariz Əhmədoğlu: "Bizcə bu, düzgün ehtimaldır"

"Ermənistanın Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın hərəkətlərinin qarşısını nəinki rəhbərlik etdiyi regionda, hətta bütövlükdə Ermənistanda heç kəs ala bilmir və almaq iqtidarında deyil. Qubernator S.Xaçatryanın oğlu T.Xaçatryan dava salaraq yerli əhalidən bir nəfərin gözünü çıxardı. Onu istintaqa cəlb etmək mümkün olmadı".
Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, sonradan Odessaya qaçmış T.Xaçatryanı gətirsələr də, polisdə dindirib evə buraxdılar: "Az keçmiş, S.Xaçatryanın bronlaşdırılmış maşını hücuma məruz qaldı. Guya kimlərsə S.Xaçatryanı öldürmək istəyirmiş. "İrs" Partiyasından deputat Z.Postancyan S.Xaçatryanın Ermənistan üçün qorxu və cəzasızlıq simvolu olduğunu bildirdi. O, aparılmış analizlərin S.Xaçatryanın narkoman olduğunu göstərdiyini dedi. S.Xaçatryanın davranışı Ermənistanda hakimiyyətin mənşəyinin ən vacib göstəricilərindən biridir. O, hərbçi, Dağlıq Qarabağda alay komandiri A.Budaqyan və onun qardaşını evinə dəvət edərək onlara güllə açdırdı. A.Budaqyan özü həbsdə, qardaşı isə ölüdür. Aralarında pul "razborkası" baş vermişdi. Bir müddətdən sonra S.Xaçatryan yenidən qubernator vəzifəsinə təyin olundu. İndi də özünə sui-qəsdə A.Budaqyanı və bir neçə xoşlamadığı adamları ittiham edir. Heç bir iqtidaryönlü siyasətçi, nazirlər S.Xaçatryanın əleyhinə fikir səsləndirə bilmədilər".
Mərkəz rəhbərinin qənaətincə, S.Xaçatryanın bütün hərəkətlərinə prezident S.Sərkisyanın dözümlü olması göz qabağındadır: "Son cinayət işi ilə əlaqədar bir sıra adamlar həbs olundu. Hətta onların günahsız həbs olunması barədə məlumatlar yayılsa da, S.Sərkisyan reaksiya vermir, əksinə, prezident S.Sərkisyan Surik Xaçatryanın adam ölümünə görə həbs olunmuş bacısı oğlunu əfv etdi. S.Xaçatryanın köməkçisi adı S.Xaçatryana qarşı "terror" hadisəsində hallanan şəxslərdən birinin dükanına külli miqdarda zərər vurdu. Bütün bunlara qarşı polis demək olar ki, heç bir iş görə bilmir".
M.Əhmədoğlu qeyd edib ki, S.Xaçatryan Ermənistanda yeganə ölçüsü-biçisi bilinməyən hərəkata malik olan qubernator deyil: "Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan öz dəliliyinə, kriminallığına, ailə üzvlərinin rəftarına görə, S.Xaçatryandan zərrə qədər geri qalmırdı. S.Xaçatryandan fərqli olaraq Vardan Qukasyan arada ümummilli məsələlərə pul xərcləyirdi. Erməni klassiki O.Tumanyanın Tbilisidəki ev-muzeyini alıb oradakı ermənilərə bağışlamışdı. Vardan Qukasyanın da oğlu və qardaşı oğlanları tez-tez dava salırlar, hətta Moskvadakı erməni kriminalları ilə sıx əlaqədəydilər. Amma S.Sərkisyan Vardan Qukasyanın hərəkətlərinə dözmədi və onu vəzifədən azad etdi. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın da hərəkətlərinin sərbəstliyi S.Sərkisyanı bezdirdi. Dözmədi və Qaqik Tsarukyanı demək olar ki, məhv elədi".
Politoloq sonra vurğulayıb ki, S.Sərkisyanın Surik Xaçatryanın hərəkətlərinə dözməsi təbii ki, kifayət qədər düşündürücü məqamlar yaradır: "Belə ki, S.Sərkisyanın onun rəftarına dözməsi çoxlarında onun S.Xaçatryandan qorxduğu şübhəsini yaratdı. Bizcə bu, düzgün ehtimaldır. S.Xaçatryanın birinci həyat yoldaşı azərbaycanlı olub. Həmin azərbaycanlı qadın vaxtilə S.Sərkisyanın ata-babasını saxlamış azərbaycanlı ailəsinin üzvü olub. Ehtimal ki, Sərkisyanlar nəslinin keçmişi ilə bağlı S.Xaçatryan mötəbər dəlillərə malikdir. Ona görə də S.Sərkisyan S.Xaçatryandan çəkinir. Prezident Sərkisyan nəslinin keçmişini itirməyə çalışır. S.Sərkisyanın babası haqda pozitiv məlumat dövriyyəyə buraxıldı. Bu, "International Alert" təşkilatının xətti ilə olundu".

Əli