“Sosial müdafiə xərcləri artırılacaq” Siyasət

“Sosial müdafiə xərcləri artırılacaq”

Samir Şərifov: “Dövlət büdcəsinin gəlirlərinin xərclənəcəyi əsas istiqamətlərdən biri sosial mudafiə sahəsidir”

“2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib. S.Şərifov bildirib ki, 2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır: “Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb. Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır”. S.Şərifov çıxışı zamanı həmçinin sosial müdafiə xərclərinin artırılacağını diqqətə çatdırıb. O, deyib ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin xərclənəcəyi əsas istiqamətlərdən biri də sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsidir. Onun sözlərinə görə, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin (2382,0 milyon manat) və kəsirinin (43,0 milyon manat) artımı və təsdiq olunmuş xərcləri arasında aparılacaq dəyişiklik (561,0 milyon manat) hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin 519,0 milyon manatı sosial müdafiə sahəsinə yönəldiləcək.

Əli