“İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına...” Siyasət

“İşğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına...”

Vüqar Gülməmmədov: “2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur”

“Aparılan təhlillər 2022-ci ilin yenidən baxılan dövlət büdcəsi layihəsində nəzərdə tutulan müdafiə olunan xərclərin qeyri-neft gəlirləri hesabına təmin olunma səviyyəsinin ilkin təsdiq edilmiş büdcə ilə müqayisədə artdığını göstərir. 2022-ci ilin təsdiq edilmiş büdcəsində 89,4% təşkil etsə də, yenidən baxılmış dövlət büdcəsində qeyri-neft gəlirlərinin artımı nəticəsində bu göstərici yüksələrək 99,8% səviyyəsində proqnozlaşdırılıb”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclasında çıxışında bildirib. Vüqar Gülməmmədov “büdcə sistemini tənzimləyən qanunvericilikdə mövcud olan boşluq və uyğunsuzluqların aradan qaldırılması, eyni zamanda qabaqcıl təcrübəyə uyğun fiskal sahəyə dair yeni yanaşmaları da ehtiva edən Büdcə Məcəlləsi ilə bağlı ilkin təkliflərimiz Maliyyə Nazirliyinə təqdim edilib”,- deyə vurğulayıb: “Bu təklifləri Milli Məclisə də təqdim etməyi nəzərdə tuturuq. Qeyd edim ki, təkliflərin demək olar ki, yarıdan çoxu fiskal sahəni tənzimləyən qanunvericilikdə boşluqlarla bağlıdır. Burada biz “Büdcə sistemi haqqında” qanunun 22 maddəsində, “Dövlət borcu haqqında” qanunun 5 maddəsində, eyni zamanda digər hüquqi aktların 5 bəndində olan uyğunsuzluq və boşluqların Büdcə Məcəlləsində nəzərə alınmasını təklif etmişik, bundan başqa 27 təklif Məcəllədə yeni yanaşmaların tətbiqi ilə bağlıdır. Ümumiyyətlə, son 5 ildə dövlət büdcəsinin həcmi əhəmiyyətli şəkildə - həm gəlirlər, həm də xərclər üzrə 1,8 dəfə artıb. Müvafiq dövrdə cari xərclərin təqribən 2 dəfə artması fonunda dövlət büdcəsinin qeyri-neft gəlirləri 1,6 dəfə, qeyri-neft ÜDM 1,5 dəfə artıb. Unutmayaq ki, bu 2 göstərici məhz iqtisadiyyatı təbii resursla zəngin olan dövlətlərdə büdcənin proqnozlaşdırılması zamanı makrofiskal çərçivənin mühüm indikatoru hesab edilir”. V.Gülməmmədov həmçinin əlavə edib ki, işğaldan azad edilmiş ərazilərə ayrılan vəsaitlər hesabına 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur: “Bölüşdürülməmiş xərclərin bir hissəsinə yenidən baxılan zaman qurumlar üzrə bölgüsü də dəyişir”.

Əli