"Şuşa İli"nə həsr olunmuş xüsusi müsabiqə fərqli təşkil olunub" Siyasət

"Şuşa İli"nə həsr olunmuş xüsusi müsabiqə fərqli təşkil olunub"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin nəticələri bəzi QHT rəhbərləri tərəfindən narazılıqla qarşılanıb. Belə ki, bəzi QHT nümayəndələri müsabiqənin şəffaf keçirilmədiyini iddia ediblər. Amma məlumdur ki, qaliblər müəyyən olunmuş meyarlar üzrə seçilib. Doğrudur, bütün layihələr ideal olduğunu demək çətindir, amma görünən odur ki, QHT nümayəndələri öz üzərində yenə də işləməlidirlər.

"Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov “Xalq cəbhəsi” qəzetinə bildirib ki, "Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqə Şuşa şəhərinin 270 illiyi münasibətilə təşkil olunan müsabiqə idi.

O, bu müsabiqəni çox önəmli bir hadisə hesab edib:

"Müsabiqənin keçirilməsində məqsəd bu istiqamətdə çalışan fəal qeyri-hökumət təşkilatlarının həm ölkə daxilində, həm ölkə xaricində Şuşa şəhərinin təbliği, eyni zamanda burada erməni vandalizminin diqqətə çatdırılması məsələsidir. Bunun da çox mühüm əhəmiyyəti var. Ümumilikdə götürəndə bu müsabiqə yeni bir qayda ilə həyata keçirildi, yəni sənədlər elektron şəkildə qəbul olundu. Mən qeyri-hökumət təşkilatı rəhbəri kimi bütün müsabiqələrdə iştirak edirəm".

Faiq İsmayılov həmçinin bu müsabiqənin əvvəlki illərdə keçirilən müsabiqələrlə fərqindən də söz açıb:

"Bu müsabiqənin fərqi onda idi ki, burada ekspertlərlə üzbəüz və açıq şəkildə öz fikirlərimizi ifadə edirdik. Biz əsaslandırırdıq ki, bu layihə nə üçün əhəmiyyətlidir və nəyə görə biz buna müraciət edirik. Bu hal birinci dəfə idi və ilk dəfə üçün olduqca yaxşı idi. Bu iş həm də ekspertlərlə müəlliflər arasında yəni, layihə rəhbəri arasında şəffaflığa gətirib çıxarır. Qarşı-qarşıya dayanırsan və öz sözlərini ona ifadə edirsən. Amma Şuranın (Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası nəzərdə tutulur - redaksiya) dövründə ekspertlərin üzü görünmürdü, onlar pərdə arxasında olurdu. Kimlərin ekspert olduğunu müəyyənləşdirmək olduqca çətin idi və layihə rəhbərinin bundan xəbəri olmurdu. Bu baxımdan müsabiqənin bu qayda ilə keçirilməsi daha da əlverişlidir".

"Eşitdiyimə görə, qeyri-hökumət təşkilatları var ki, buna narazılıq edirlər. Bu istiqamətdə mən özüm açıq danışıram və açıq şəkildə elan edirəm ki, mənim layihəm qarşılığında istənilən şəxslərlə mən oturub diskussiya apara bilərəm. Mənim hazırladığım layihə istiqamətində kimsə bir oxşar layihə yarada bilərsə, mən böyük bir məmnuniyyətlə öz layihəmi güzəştə gedə bilərəm. Digər layihələrə cavabdehlik daşımıram. Çünki hər layihə rəhbərinin öz fikirləri var. Mənim işlədiyim layihə heç bir layihələrə oxşamır. Bu layihə sırf mənim özümə, erməni vandalizminə sırf Şuşadakı Azərbaycanın mədəni irsinin dağıdılmasının, məhv edilməsinin araşdırılmasına aiddir. Bu işi məndən daha yaxşı kimsə araşdıra bilməz", - Faiq İsmayılov əlavə edib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Ayaz Mirzəyev isə Trend-ə açıqlamasında bildirib ki, “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin seçim mərhələsi obyektiv və peşəkar keçirilib: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi faəliyyətə başladığı dövrdən bu yana ilk dəfədir seçilən layihələri Qarabağın incisi olan Şuşada elan etdi. Bu tarixi bir hadisə idi.

" Bizim təşkilat bu zamana qədər Şuşa ilə bağlı müxtəlif mövzuları əhatə edən filmlər hazırlayıb. Çox xoş oldu ki "Şuşa İli"ndə olan bu müsabiqədə biz qalib təşkilatlardan biri olduq və bizim çiyinlərimizə yeni bir məsuliyyət qoyuldu. Biz öz məsuliyyətimizi yüksək səviyyədə yerinə yetirəcəyik. Şuşada təhsil obyektləri 30 il ərzində qəsbkarlar tərəfindən sıradan çıxarılıb. Bu böyük bir barbarlıq və insanlıq cinayətidir. Biz bununla bağlı sənədli film ərsəyə gətirəcəyik. Eyni zamanda Şuşanın maddi-mənəvi irsinə 30 illik işğal dövründə dəymiş ziyanla bağlı bir araşdırmamız olacaq. Çalışacağıq ki, dünya görsün ki, bir millətə məxsus olan unikal mədəniyyət, sərvət, dəyərlər necə başqa bir millət tərəfindən qəsbkarlığa və aşınmaya məruz qalıb", - deyə o bildirib.

Müsabiqənin seçim mərhələsindən bəhs edən Ayaz Mirzəyev seçimlərin çox obyektiv və peşəkar aparıldığını qeyd edib.

"Layihələri təqdim dən şəxslər agentliyə dəvət olundu və onların bundan əvvəlki təcrübələri, həyata keçirdikləri layihələr ilə bağlı geniş şəkildə suallar verildi, təşkilatın keçmiş fəaliyyəti nəzərdən keçirildi. Əslində bu tip 2-3 mərhələli yoxlama prosesi daha keyfiyyətli layihələrin seçilməsi üçün vacib amil idi. Biz bu dəfə bunu müşahidə etdik. Nəzərə alsaq ki, "Şuşa ili"dir və Şuşa ilə bağlı layihələr çox ciddi yanaşma tələb edir. Hesab edirəm ki, bu seçim turu çox müsbət qarşılandı və obyektiv həyata keçirildi - deyə Ayaz Mirzəyev əlavə edib.

Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib. “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələri Şuşada elan edilib.