Ankarada “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılışı olub Siyasət

Ankarada “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılışı olub

Vaqif Abışov:"Kompleksin daxili hissəsinin tərtibatı AMEA-nın Tarix İnstitutun direktoru Yaqub Mahmudovun rəhbərliyi altında İnstitutun əməkdaşları tərəfindən hazırlanıb"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.
-Bu günlərdə Türkiyədə səfərdə olmusunuz. Səfər təəsüratlarınızı bizimlə bölüşərdiniz.
-Qardaş Türkiyə Cümhuriyyətinə birinci səfərimiz 2014-cü ilin yanvar ayında baş tutmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun rəhbərliyi ilə baş tutan səfərdə əsas məqsəd Ankara yaxınlığındakı Kızılcahamam rayonunda tikilməkdə olan "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin daxili hissəsinin tərtibatının hazırlanması ilə bağlı oldu. Həmin vaxt Ankaradakı Azərbaycan Respublikasının səfiri ilə, o cümlədən burada tikintiyə rəhbərlik edən şəxslərlə fikir mübadiləsi aparıldı. Eyni zamanda, Yaqub Mahmudov bir sıra tövsiyələrini verdi.
İkinci səfər isə, bu ilin mart ayının 25-dən 27-nə təsadüf edirdi. Bu dəfə qardaş ölkəyə getməyimizin əsas səbəbi Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin açılışında iştirakla əlaqədar idi. Ümumiyyətlə, "Xocalı Abidəsi və Xocalı Muzeyi" kompleksinin daxili hissəsinin tərtibatı AMEA-nın Tarix İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun rəhbərliyi altında İnstitutun əməkdaşları tərəfindən hazırlanmışdı.
-Xocalı soyqırımıyla bağlı abidənin araya-ərsəyə gəlməsi kimin təşəbbüsü olub?
-Xocalı abidə-muzeyinin araya-ərsəyə gəlməsinin təşəbbüskarı Azərbaycanın Türkiyədəki səfirliyi, maliyyə dəstəyini verən isə Azərbaycan dövlətidir.
-Tədbirdə kimlər iştirak edirdi?
-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, deputat Cavanşir Feyziyev, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, rayonun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, yerli sakinlər, diaspor nümayəndələrimiz, ictimai-siyasi xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, KİV nümayəndələri iştirak edirdilər.
Mərasimdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himnləri oxundu. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, səfir Faiq Bağırov, tarixçi alim Yaqub Mahmudov, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal və rayon icra başçısı Mustafa Çit çıxış edərək iki qardaş ölkənin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş danışdılar.
-Türkiyədə artıq üçüncü şəhərdə belə bir abidə-muzey olduğu halda Azərbaycanda tək abidənin olması sizcə nə qədər düzgündür?
-Azərbaycanda Xocalı faciəsi ilə əlaqədar muzey-abidə kompleksləri olmasada, ayrı-ayrı şəhərlərdə, o cümlədən Bakı şəhərində Xocalı soyqırımına aid abidə qoyulub. Yəqin ki, tezliklə Azərbaycanda da Xocalı soyqırımı muzeyi yaradılacaq.