Millət vəkili Böyük Britanıyanı tənqid edib Siyasət

Millət vəkili Böyük Britanıyanı tənqid edib

"Böyük Britaniya şirkətinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərində minatəmizləmə işləri aparması Ermənistan mənafeyinə yaxın addımlar atmaqdır. Belə addımlar Azərbaycanla münasibətləri korlaya bilər". Bu fikirləria millət vəkili, politoloq Elşən Musayev deyib. O, bir müddət öncə də Amerika tərəfindən buna bənzər addım atıldığını qeyd edib: "Yadımdadır ki, bir müddət öncə Amerikan QHT-sinin layihəsi əsasında Kəlbəcərdə qızıl yataqları axtarırdılar. O zaman Azərbaycan dövləti məsələyə münasibət bildirdi. İctimai-siyasi xadimlər bu barədə öz sözlərini dedilər. Amerika tərəfi isə bildirdi ki, QHT müstəqildir və onların işlərinə qarışa bilmirlər. Ancaq faktiki olaraq onlar birbaşa Qərbin müəyyən dairələri tərəfindən yönləndirilmişdilər. İndi də Böyük Britaniyanın timsalında bunun başqa alternativini görürük. Ümumiyyətlə, bu ölkə Prezident seçkilərindən bu yana Azərbaycanla bağlı adekvat mövqe sərgiləmir. Avropa Birliyində Azərbaycanla bağlı fikirlərin parçalanmasına, düzgün olmayan fikirlərin yaradılmasına xidmət edən dövlətlərdən biri də Böyük Britaniyadır".
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyanın qəbul etdiyini vurğulayan millət vəkili oradakı minatəmizləmə işlərinin birbaşa Ermənistanın xeyrinə olduğunu deyib: "Mina təmizləmə də asan iş deyil. Kifayət qədər maliyyə vəsaiti tələb edir. Bu gün hələ də Birinci Dünya müharibəsindən qalan minalar aşkarlanır. Bu, santimetr səviyyəsində olan prosesdir. Görün onlar Ermənistana nə qədər dəstək verib, maliyyə yardımı ayırırlar ki, bu prosesi icra etməyə özlərində təpər tapırlar. Buna sərt münasibət bildirib, qınamaq lazımdır. Burada söhbət həm də beynəlxalq hüquq normaları, diplomatik etiket və dövlətlərarası münasibətdən gedir".