Ermənilərin növbəti informasiya təxribatı Siyasət

Ermənilərin növbəti informasiya təxribatı

Rusiya sülhməramlıları ilə bağlı baş verən son hadisələrin, onların dislokasiya olunduğu Azərbaycan ərazilərində yaşayan erməniləri, həmçinin Ermənistan cəmiyyətini informasiya təzyiqi altında saxladığı üçün, qarşı tərəf feyk məlumatlarla emosional fonu dəyişmək və bumeranq effekti yaratmaq istəyir. Erməni mətbuatının Rusiya sülhməramlılarının ailələrinin Azərbaycan ərazilərinə köçürülməsiylə bağlı, guya hansısa razılaşmanın olduğu barədə yaydığı məlumatların məqsədi də təzyiqi ölkəmizin ictimai rəyinə ötürməkdən və daha kəskin emosional fon yaratmaqdan ibarətdir.

Rusiya sülhməramlılarının ailələrinin onların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə köçürülməsi bir çox səbəblərdən mümkün deyil. Əvvala, nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlıları Azərbaycan ərazilərində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən yerləşdiriliblər. Sözügedən bəyanatda onların sayı dəqiq müəyyənləşdirilib və bu amil sözügedən sülhməramlı missiya ilə bağlı Rusiya prezidentinin müvafiq fərmanında da yer alıb. Sözügedən fərmanda sülhməramlıların rotasiyası – ildə iki dəfə - ilə bağlı məqam da nəzərdə tutulub ki, bu da onların Azərbaycan ərazilərində müvəqqəti xidmət keçdiyinin təsdiqləyir. Yəni sülhməramlılar Rusiya qanunvericiliyinə və prezident Putinin fərmanına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi tərəfindən missiyanın tərkibinə və Azərbaycan ərazilərinə müvəqqəti xidmət keçmək üçün ezam olunurlar. Rusiya qanunvericiliyində və bu ölkənin müdafiə nazirliyinin müvafiq təlimatlarında hərbçilərin ezam olunduqları və müvəqqəti xidmət keçdikləri yerlərə onların ailələrinin köçürülməsi, həmçinin buna görə onlara əlavə vəsaitin ayrılması nəzərdə tutulmayıb. Bu baxımdan, erməni mediasının Azərbaycanın ictimai rəyinə məqsədyönlü şəkildə ötürdüyü feyk xəbərlərə obyektiv informasiya kimi istinad edərək, onların üzərində baş sındırmaqdansa, sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan erməniləri və Ermənistan cəmiyyətini davamlı informasiya təzyiqi altında saxlamaq barədə düşünmək, zənnimcə daha doğru olar.

Elçin Mirzəbəyli