Tələblərimizə cavab almayana qədər aksiyanı dayandırmaq fikrində deyilik - Amil Məmmədov Siyasət

Tələblərimizə cavab almayana qədər aksiyanı dayandırmaq fikrində deyilik - Amil Məmmədov

Tələblərimizə dəqiq cavab almayana qədər aksiyanı dayandırmaq fikrində deyilik.

Bunu Trend-ə Laçın dəhlizində keçirilən etiraz aksiyasının iştirakçılarından biri - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amil Məmmədov deyib.

O xatırladıb ki, ötən həftə - cümə günü ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən 30-a yaxın qeyri-hökumət təşkilatı müraciət imzalayaraq Rusiyanın Azərbaycandakı səfirliyinə təhvil verib.

"Müraciət Rusiya sülhməramlı kontingentinin komandirinə ünvanlanıb. Bu müraciətdə biz general Volkovdan tələb edirik ki, ekoloqlarımıza Qızılbulaq və Dəmirli yataqlarının monitorinqi üçün şərait yaratsın, bu yataqların qanunsuz istismarının ətraf mühit üçün nəticələrini öyrənsin. Təəssüf ki, azərbaycanlı mütəxəssislər Rusiya sülhməramlılarının müşayiəti ilə bu ərazilərə gələndə onların qarşısını separatçılar aldı. Sülhməramlılar buna mane olmadılar. Ona görə də biz bura gəlmək qərarına gəldik. Dünən səhərdən buradayıq. Onların keçid məntəqəsini bağladılar. “Ekoloji terrora son qoyun”, "Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyun" kimi tələb və şüarlarımızı səsləndirməyə başladıq. Dünən biz sülhməramlıların komandiri general-mayor Andrey Volkovun da bura gəlməsini və suallarımızı cavablandırmasını tələb etdik. Onun siyasi məsələlər üzrə müavini polkovnik Kovalçuk zabit sözü verərək Volkova xəbər verildiyini dedi və yaxın saatlarda onun bura gələcəyini söylədi. Ancaq artıq ikinci gündür ki, o, bura gəlmədi. Qəribədir ki, o, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə əlaqə saxlamır. Biz geri çəkilmək fikrində deyilik, bizim konkret tələblərimiz var. Dəqiq cavab almayana qədər bu aksiyanı dayandırmaq fikrində deyilik”, - deyə Məmmədov bildirib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.