ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasına dəstək yollarını araşdırır - Karen Donfrid Siyasət

ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasına dəstək yollarını araşdırır - Karen Donfrid

ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin mümkün yollarını araşdırır.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Avropa, energetika, ətraf mühit və kibertəhlükəsizlik üzrə Xarici İşlər Komitəsində "ABŞ. Qafqazla bağlı siyasət" mövzusunda dinləmələr zamanı deyib.

"Azərbaycan regionda enerji təchizatının şaxələndirilməsində və təhlükəsizliyində mühüm rol oynayır. Biz Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edirik. ABŞ Cənub Qaz Dəhlizini qəti şəkildə dəstəkləyir. Cənub Qaz Dəhlizi Avropaya enerji idxalının marşrutlarının və mənbələrinin şaxələndirilməsinə töhfə verir ki, bu da hazırda ABŞ-ın siyasətinin prioritetidir. ABŞ qeyri-Rusiya təbii qazının əlçatanlığını artırmaq üçün Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin yollarını araşdırır", - deyə K.Donfrid bildirib.

O xatırladıb ki, iyul ayında Aİ Azərbaycan təbii qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə Azərbaycanla saziş imzalayıb.

"Bir sıra Avropa ölkələri Azərbaycan qazına daha geniş çıxışın təmin edilməsində maraqlı olduqlarını açıq şəkildə ifadə ediblər. Azərbaycanın həmçinin bərpa olunan enerji, xüsusilə külək enerjisi üçün əhəmiyyətli potensialı var və bizim yardımımız buna yönəlib. Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ və Azərbaycan arasında əməkdaşlığın və diversifikasiya üzrə Avropa diplomatiyasının ilk uğuru olub", - deyə K.Donfrid əlavə edib.