Prezident İlham Əliyev: Ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər Siyasət

Prezident İlham Əliyev: Ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər

Ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər.

Bunu Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.

Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır".