"Etiraz aksiyası mübarizənin yeni dövrə qədəm qoyduğundan xəbər verir" Siyasət

"Etiraz aksiyası mübarizənin yeni dövrə qədəm qoyduğundan xəbər verir"

Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasına qarayaxma cəhdləri, vay-şüvən kampaniyası erməni mediasında daha da genişlənib. Əslində düşmən haqqı-ədaləti kənara atıb öz bəd niyyətini bildirməli idi. Bunu da ermənilər öz xislətlərinə uyğun formada edirlər. Bunu "Xlq Cəbhəsi"nə QHT sədri, ekspert Əkrəm Bəydəmirli deyib. Təəssüf doğuran odur ki, bəzi dövlətlərin rəsmiləri də reallığı görməyərək erməni qarayaxmasına dəstək olurlar, Xankəndində ermələrin blokada da qaldıqlarını bildirirlər:

"Diqqətlə araşdıranda aydın olur ki, həmin xarici ölkə rəsmilərinin bəyanatları ədalətli olmasa da, neytrallığını qoruyub saxlayır. Yəni tövsiyə xarakterlidir. Artıq bu çağırışlar 90-cı illərin yaxa cırması, kəskin bəyanatları deyil. Bununda əsas səbəblərindən biri odur ki, Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasına Vətəndaş Cəmiyyətinin İnstitutları, ekoloqlar, digər fəal insanlar qoşulub. Əslində belə aksiyaların hədəfində sülhə, əməkdaşlığa çağırış, insanlığa və ekologiyaya qarşı həyata keçirilmiş terror siyasətinə kəskin etiraz var".

Deməli, mübarizənin yeni dövrü başlayır. Çox əhəmiyyətli bir metodologiyanın tətbiqi ilə Vətəndaş Cəmiyyəti İnstitutlarının potensialının ortaya qoyulması yeni bir mərhələnin başlanğıcıdır. Düşünürəm ki, QHT potensialının düzgün dəyərləndirilməsi və hədəflərin müəyyənləşdirilməsi effekt verəcək. İstər Qarabağda sülhün-sabitliyin bərqərar edilməsində, istərsə də ölkə daxilində sosial-iqtisadi sferada şəffaflığın təmin edilməsində QHT çox zəruri mexanizmdir. Yetər ki, bu mexanizmdən düzgün istifadə olunsun:

"Nəhayət Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası ilə bağlı erməni qarayaxma cəhdləri, vay-şüvəni bizi haqq yolumuzdan döndərməmləidir. Azərbaycanın Qarabağla bağlı ədalətli mövqeyinin dünyada daha yaxşı müdafiəsi üçün bir çox zəruri addımlar atılmalıdır. Bu geniş mövzu olsa da QHT-lərlə bağlı bəzi qısa qeydlərimi bildirirəm. QHT-nin fəaliyyəti heç bir məkanda kampaniya xarakterli deyil, davamlı olmalıdır.

Zaman-zaman beyin mərkəzlərinin fəaliyyəti ilə bağlı buraxılmış səhvlər ciddi təhlil olunaraq aradan qaldırılmalıdır. QHT-nin azad rəqabət mühitində öz intellektual potensialını ortaya qoyması üçün bir çox faktorlarla bərabər davamlı maliyyə son dərəcə önəmlidir. Bəzi dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlıq üçün qapılarını taybatay açmalıdırlar. Bir sözlə Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsi dövlətin, millətin, cəmiyyətin strateji maraqlarına xidmət etmiş olacaq".

Cavid