İranın PUA zavodları bombalana bilər! - Ukraynadan şok tələb Siyasət

İranın PUA zavodları bombalana bilər! - Ukraynadan şok tələb

Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak İranın pilotsuz təyyarə zavodlarına (zərbə dronları, PUA) zərbə endirməyə çağırıb.

Bu barədə o, Twitter-də yazıb. Podolyak deyib ki, İran Rusiyaya raket və dronların tədarükünü artırmağı planlaşdırır və beynəlxalq sanksiyalar institutunu həyasızcasına aşağılayır. Bununla bağlı siyasətçilər dron istehsal edən müəssisələrin ləğvinin zəruri olduğunu bildiriblər. “İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina etmək və daha dağıdıcı vasitələrə - fabriklərin ləğvinə, təchizatçıların həbsinə keçmək vacibdir”, - Podolyak yazıb. Ukrayna tərəfi hesab edir ki, İran Rusiyaya "Şahed-136" və "Mohajer-6" pilotsuz təyyarələri tədarük edir. İran rəsmiləri isə hələ də bunu danırlar. Hətta Ukraynanı Tehrana böhtan atmaqda ittiham edirlər. Bəs İranın dron zavodlarına zərbə endirilməsi mümkünmü? Mümkündürsə, nəticəsi nə ola bilər? Heç şübhəsiz, bu məsələdə İsrail dövləti Ukraynaya kəşfiyyat dəstəyi verə bilər. Söz düşmüşkən, İsrailin “12-ci” telekanalı xəbər verib ki, Rusiya yaxın vaxtlarda İrana PUA-ların (dronların) əvəzinə 24 ədəd "Su-35" qırıcısı təhvil verə bilər. Telekanalın Moskva və Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrinə görə, söhbət əvvəlcə Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir. Bildirilir ki, ABŞ Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, ruslar isə təyyarələr üçün alıcı axtarırmış. Belə ki, İran Rusiya üçün pilotsuz təyyarələr tədarük etməyə başlayandan sonra Rusiya İrana təyyarə satmaq qərarına gəlib. Qərb kəşfiyyatının məlumatına görə, iranlı pilotların yeni maşınlar üzərində təlimi tam sürətlə davam edir. Əlavə edək ki, İran antiislam rejimi Ermənistana da PUA-lar satmağı planlaşdırır. Bu məqsədlə erməni zabitlərinə İranda təlimlər də keçirilib. Az öncə isə Tehranın Ermənistana 600 raket hədiyyə eləməsi barədə xəbər yayılmışdı.

Niyaməddin Orduxanlı: “Amerika öz imzasına hörmət etməlidir”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı mövzu ilə əlaqədar fikirlərini “Yeni Müsavat”la bölüşdü: “Rusiya-Ukrayna müharibəsində İranın Rusiyaya hər tərəfli hərbi dəstək verməsi həqiqətdir, İran bunu təsdiq etməsə də belədir. Bu gün dünya müasir dövrdə yaşayır. Kosmosdan bütün dövlətlərin fəaliyyətini açıq şəkildə izləmək olur. Əslində Rusiya-İran əməkdaşlığı uzun müddətdir davam edir. İran Rusiyanın maraqlarından çıxış edir və onun tapşırıqlarını yerinə yetirir. Buna görə də təbii olaraq Ukrayna dövləti İranın dronlarının zərbələrinə məruz qaldıqlarını bildirir. O ki qaldı Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın İranın pilotsuz təyyarə zavodlarına (zərbə dronları, PUA) zərbə endirməyə çağırmasına, bu müharibənin daha geniş vüsət almasına gətirib çıxardar. İran 80 milyondan artıq əhalisi olan bir dövlətdir. Və təbii ki, İran da Ukraynaya qarşı adekvat cavab verəcək. Bu da Ukrayna üçün məqbul hesab edilə bilməz. Bu baş verərsə, daha çox Rusiyanın işinə yarayar. Hisslərə qapılıb Ukrayna dövləti növbəti səhv addımını atmamalıdır. Ancaq İranın bu davranışına qarşı sanksiyaların tətbiqinə nail olmaq olar. İndiki müharibələrdə PUA-ların, dronların çox böyük rolu var. Bununla yanaşı, İranın Ukraynaya "Şahed-136" və "Mohajer-6" pilotsuz təyyarələri tədarük etməsi məlumatları var. Bunun əvəzində İran Rusiyadan "Su-35" qırıcılarını alacaq. Bütün bunları Qərb kəşfiyyatı yayır. Və bir daha qeyd etmək istəyirəm ki, bu məlumatlar həqiqətə söykənir. Əslində Ukrayna rəsmiləri Amerikanı qınamalıdır ki, niyə indiyə qədər ən müasir raket və dronlarla Ukraynanı təmin etməyiblər? Axı 1994-cü ildə Budapeşt memorandumuna görə, ABŞ Ukraynanın nüvə başlıqlarını əlindən alanda öhdəlik götürmüşdü ki, Ukraynanın ərazi bütövlüyünə hücum olarsa, onu müdafiə edəcək. Amerika öz imzasına hörmət etməlidir. O ki qaldı İran antiislam rejiminin Ermənistana da PUA-lar satmağı planlaşdırmasına, İran onsuz da 30 ildir məscidlərdə donuz saxlayan ermənilərə hər cür hərbi, enerji, maddi, dəstək verir. Görmürsünüz, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı hansı aqressiv siyasət yürüdür? İran dəli olmaq səviyyəsinə çatıb ki, niyə Azərbaycan öz torpaqlarını Ermənistandan geri alıb. İndi də İran ermənilərə hansı dəstəyi verməsindən aslı olmayaraq, heç nəyə nail ola bilməyəcək. Ermənistanda milyonlarla tonluq pulsuz istehkamları İran qurmuşdu. Azərbaycan Ordusu bir neçə günə həmin istehkamları darmadağın etdi”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Qərb İrana qarşı sanksiyalar qəbul edir, amma...”

Siyasi yazar Kənan Rövşənoğlu İran silahlarının Ukrayna müharibəsində ciddi rol oynamadığını vurğuladı: “Podolyak və ümumiyyətlə, Ukrayna rəhbərliyi Qərbdən çox şey tələb edir. Qərb İrana qarşı sanksiyalar qəbul edir, amma məhz dronlara görə İranı vuracağı inandırıcı deyil. Digər tərəfdən, İran bəyan edib, bunu artıq Qərb ekspert mərkəzləri də təsdiq edir ki, İran Rusiyaya dronları əvvəlki müqavilə əsasında 1700 ədəd satıb. İndi isə güman ki, birbaşa satış etmir, belə görünür ki, ən yaxşı halda Rusiyada zavod və ya yığma sexi yaratmaqla təmin edə bilər. Son məlumatlara görə, Rusiya İrandan aldığı 1700 drondan 500-dən çoxunu artıq istifadə edib. Həm də ki, Ukrayna İran dronlarını rahat şəkildə vurur. Yəni İran dronları müharibədə Ukrayna ordusu üçün ciddi problem yaratmır. Ona görə də İran dronlarına görə hər hansı xüsusi əməliyyat keçiriləcəyi ehtimalı azdır. O ki qaldı rus silahları məsələsinə, bəli, Ukrayna müharibəsindən sonra Rusiya -İran münasibətləri ən yüksək səviyyədə inkişaf edib, tarixdə bu qədər yaxın olmayıblar. Təxminən 12 il əvvəl Rusiya Qərbin sanksiyalarından çəkindiyi üçün İrana "S-400" satmaqdan imtina etdi, hətta digər silahları da verməkdən imtina edib. Amma indi vəziyyət dəyişib, ruslar iranlılarla mehribandır, hərbi əməkdaşlıq çox inkişaf edib. O da maraqlıdır ki, Ukrayna müharibəsində yaxşı nəticə göstərməsə də İran silahlarına marağı artırıb”.

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov: “İrana qarşı sanksiyalar daha da sərtləşəcək”

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılovun sözlərinə görə, İran dünyada hazırda təklənmiş vəziyyətdədir: “Bu ölkənin heç kimlə normal diplomatik münasibətləri qalmayıb. İnsani dəyərlərdən dəm vuran İran həm öz xalqının, həm də başqa xalqların acılarında müəllif kimi iştirak edir. Ukrayna şəhərlərinin İran PUA-ları ilə zədələr almağı İranın dərs çıxarmadığını göstərir. Bu gün İranın PUA zavodlarına zərbələrin endirilməsi mümkündür. Amma yəqin ki, Rusiya Qərbin Moskvadan enerji asılılığını nəzərə alaraq təminatlar İrana verib. Yəni birbaşa İran şəhərlərinin vurulmağı, zavodlara zərbələr endirilməsi o qədər ağlabatan görünmür. Amma İrana qarşı sanksiyalar daha da sərtləşəcək”.