Ağsaqqallar Şurasının ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib Siyasət

Ağsaqqallar Şurasının ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, millət vəkilləri, alimlər və başqa şəxslər iştirak ediblər. Əvvəlcə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin, 20 Yanvarşəhidlərinin, habelə Zahid Qaralov, Ağamusa Axundov, Tofiq Hacıyev və Zəlimxan Yaqubun xatirələri yad olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkiliFəttah Heydərov açıb. O bildirib ki, 2015-ci il Azərbaycan xalqının həyatında əlamətdar bir il olub: "Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük uğurlar əldə edib. Hörmətli prezidentimiz Nazirlər Kabinetinin son iclasındakı çıxışında qeyd etdi ki, 2015-ci il ölkəmizin həyatında əlamətdar il olub. Dünyanı bürüyən çaxnaşmalar fonunda Azərbaycan 2015-ci ili uğurla başa vurdu. Düşünürəm ki, iqtisadi böhran Azərbaycana ciddi təsir göstərməyəcək. Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Bakı dünyanın ən böyük tədbirlərindən birinə - I Avropa Oyunlarına ev sahibliyi edib. Eyni zamanda, Rusiya kimi böyük dövlətdən sonra medal sayına görə Azərbaycan 2-ci yeri tutub".
F. Heydərov əlavə edib ki, Azərbaycana düşmən olan qüvvələrin təsiri ilə baş vermiş xoşagəlməz hadisələrin qarşısı dövlətin, ağsaqqalların dəstəyi ilə alınır: "Bu gün ağsaqqalların tərbiyəsi ilə böyüyən saf, müdrik Azərbaycan gəncliyi var. Onlar Azərbaycanı, azərbaycançılıq ideyasını nümunəvi şəkildə nümayiş etdirir. Siz ağsaqqalların el arasında böyük nüfuzu var. Hesab edirəm ki, biz yeni ildə fəaliyyətimizi daha da artırmalıyıq. Onu da qeyd etmək istəyirəm ki, hörmətli elm xadimi İsmayıl İbrahimovun 100 yaşı tamam olur. Hörmətli prezidentimiz Azərbaycan elmi qarşısındakı uğurlarına görə onu "Şərəf" ordeni ilə təltif edib, ona xüsusi təbrik məktubu yollayıb. Bu, ağsaqqallara göstərilən diqqətin bariz nümunəsidir".
Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatı dinlənilib. Hesabatda bildirilib ki, ötən il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai, siyasi, mədəni həyatında yaxından iştirak edib, geniş tədbirlər keçirib.
Millət vəkili Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına həsr olunmuş hesabatı olduqca səmərəlidir: "Bu işlərin görülməsində Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun səmərəli fəaliyyətini də qeyd etməliyik".
Ə. Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurasının Türkdilli Ölkələrin Parlament Assambleyası ilə əlaqələrini yüksək qiymətləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademikAkif Əlizadə bildirib ki, "Multikulturalizm ili" çərçivəsində Azərbaycan alimləri tərəfindən mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub: "Biz koordinasiya işlərini genişləndirməliyik. Gənclər arasında Azərbaycanın nailiyyətlərinin təbliğini artırmalıyıq. Dünyada terrorizm baş alıb gedir. Belə bir şəraitdə Azərbaycanda sülh hökm sürür. Düzdür, gərginlik də qeydə alınır. Amma bunların öhdəsindən dövlət bacarıqla gəlir. Bizim dövlətə paxıllıq edənlər çoxdur. Biz bütün ölkələrlə dost əlaqələri yaradırıq və həmişə də dostluğa sadiqik".
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası 2015-ci ildə qarşıya qoyulan vəzifələrə çatıb: "Mən Azərbaycan Ağsaqqallar Şurasının ötən ildəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. "Ağsaqqal" sözü tarixən Azərbaycanda dərin məna kəsb edib. Ağsaqqal özünün səriştəsi ilə başqalarından seçilib. Ağsaqqal lazımi anlarda düzgün yol göstərməsi ilə xalqın işinə kömək edib, böyük nüfuz sahibi olub. Bu gün Azərbaycan ağsaqqallarına diqqət böyükdür. Ağsaqqallar ölkənin həyatında baş verən proseslərdə fəal iştirak edirlər. Heç təsadüfi deyil ki, ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoyanda da ağsaqqallar bu işə öz töhfəsini verib".
Daha sonra akademik Teymur Bünyadov, Əjdər Ağayev və başqaları 2015-ci ildə Azərbaycan ağsaqqalların respublikanın ictimai-siyasi həyatındakı rolu barədə çıxış ediblər.