“Bu dövlət əbədi yaşamalıdır” Siyasət

“Bu dövlət əbədi yaşamalıdır”

Azərbaycan Prezidenti: "Minsk qrupu münaqişənin həllinə yox, dondurulmasına çalışır"


Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik ".
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın danışıqlar prosesində vaxt uzatdığını, Minsk qrupunun isə məsələnin həllinə yox, dondurulmasına çalışdığını bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirlmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən dövlət başçısı bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək: "Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır".
Prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini qeyd edib.
İlham Əliyev Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandan ibarətdir.